Rəsmi Pekin İtaliyanı koronavirus ilə bağlı məsələyə daha obyektiv yanaşmağa çağırıb

Çin rəsmiləri hesab edir ki, İtaliya hökuməti koronavirus təhlükəsinə daha elmi cəhətdən yanaşmalı, iki ölkə arasındakı hazırkı əlaqələrə yenidən baxaraq obyektiv və rasional həll yolları tapmalıdır.

Bunu fevralın 10-da keçirdiyi onlayn mətbuat konfransında Çinin İtaliyadakı səfiri Qen Şuan deyib. O ölkəsi ilə İtaliya arasındakı anlaşılmazlıq barədə suala cavab verərkən bildirib ki, İtaliya hökumətinin həddindən artıq sərt tədbirlər görməyəcəyinə ümid edir. Diplomat vurğulayıb ki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməklə iki ölkə arasındakı birbaşa uçuşları bərpa etmək olar. Səfir, həmçinin İtaliya hökumətinin Çinə göstərdiyi dəstəyi də yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, iki ölkə arasında birbaşa uçuşlar yanvarın 30-da dayandırılıb.
Elə bu dəqiqələrdə isə İtaliya hökumətinin üzvləri Baş Nazir Cüzeppe Kontenin rəhbərliyi altında iclasa başlayıb. İclasın məqsədi koronavirus və onun İtaliya üçün real təhlükəsinin müzakirəsidir. İştirakçılar mövcud vəziyyəti dəyərləndirmək, onun yerli iqtisadiyyata, xüsusən turizmə vurduğu zərərlər barədə fikir mübadiləsi aparacaqlar. (AZƏRTAC)

Share: