İordaniyada ərəb ceyranının nəsli artırılacaq

Əbu-Dabinin Ətraf Mühit Agentliyi və İordaniya Həşimi Krallığının Təbiətin Qorunması Cəmiyyəti arasında krallığın Şumari qoruğunda ərəb ceyranının qorunması və nəslinin artırılması barədə Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanma mərasimi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən 10-cu Dünya Urbanizasiya Forumu çərçivəsində keçirilib.
AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, həyata keçiriləcək birgə layihə çərçivəsində qoruğun ərazisinə əlavə 60 ərəb ceyranı gətiriləcək. Qeyd olunub ki, əvvəllər bu nadir heyvanların kütləvi ovlanması nəticəsində onların sayı xeyli azalıb. 2007-ci ildən bəri reallaşdırılan xüsusi proqram çərçivəsində artıq BƏƏ, Oman və İordaniyada on mindən çox ərəb ceyranı xüsusi qoruqlarda qoruma altına alınıb.

Əbu-Dabinin Ətraf Mühit Agentliyinin rəhbəri Yəhya Xalid bildirib ki, yaxın gələcəkdə ərəb ceyranlarının sayını BƏƏ-də 10 minə çatdırmaq mümkün olub. Bundan başqa, onun sözlərinə görə, layihə çərçivəsində qoruqların ziyarətçiləri və məktəblilər üçün ərəb ceyranının mühafizəsi ilə bağlı təlim mərkəzlərinin də yaradılması nəzərdə tutulur.

Şumari qoruğu İordaniyanın paytaxtı Əmmandan 120 kilometr aralıda yerləşən Əzraq qəsəbəsindədir. O, 1975-ci ildə Həşimi Krallığının Təbiətin Qorunması Cəmiyyəti tərəfindən yaradılıb və İordaniyanın ilk təbiət qoruğudur.

Share: