Dövlət İmtahan Mərkəzi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda 72 nəfər iştirak edib.
İmtahanda şagirdlərə 30 tapşırıq – dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı + 1 ətraflı yazılı cavab tələb olunan açıq tipli), oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı + 1 ətraflı yazılı cavab tələb olunan açıq tipli) və dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 tapşırıq təqdim edilib.
İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Qapalı tipli tapşırıqların hər birinin düzgün cavabı 1 balla, açıq tipli tapşırıqların hər birinin cavabı qiymətləndirmə meyarlarına uyğun olaraq 1, ½, və ya 0 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan balı hesablanarkən tapşırıqlara verilmiş balların cəmi 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
İmtahan nəticələrinin dünən keçirilən buraxılış imtahanları ilə bir yerdə – 1 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, imtahan iştirakçıları 16 fevral 2020-ci ildə xarici dil, tədris dili və riyaziyyat fənləri üzrə buraxılış imtahanında iştirak ediblər. Qaydalara uyğun olaraq tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər qeyd edilən fənlərdən əlavə Azərbaycan dili (dövlət dili) fənnindən də imtahan verməlidirlər.