Böyük Britaniyanın Stokport şəhərinin sakini, 25 yaşlı kosmetoloq Cessika Mayotun təbii gel ilə şişirdilmiş dodağının partlaması onu görmə qabiliyyətindən məhrum edəcəkdi.
Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, dodaqlarını şişirtmək istəyən qadın klinikaya müraciət edib.
Orada onun dodaqlarına inyeksiya vasitəsilə üç millimetr həcmində təbii gel vurulub. Bu əməliyyata görə, qadın 450 funt sterlinq (təxminən 995 AZN – red.) ödəyib.
Lakin əməliyyatdan bir gün sonra qadının dodaqları şişərək ağrımağa başlayıb.
Qadın əməliyyatı həyata keçirən mütəxəssisə müraciət etsə də, həkim onu qəbul edə bilməyəcəyini bildirib.
Cessika digər həkimlərə də müraciət edib, amma dodağında yaranan problemləri tibb işçiləri aradan qaldıra bilməyib.
Məlum olub ki, qadının dodaqlarına infeksiya düşüb. Ona bir kurs antibiotik müalicəsi yazılsa da, Cessikanın tənəffüs sistemində problemlər ortaya çıxıb.
Bir müddət sonra qadının dodaqları çürüməyə başlayıb və sonda partlayıb. Partlama zamanı dodaqlarda yığılan çirk qadının gözünə sıçrayıb. İnfeksiyaya məruz qalan göz görmə qabiliyyətini itirməyə başlayıb.
Ancaq ciddi tibbi tədbirlər sayəsində qadının gözündə inkişaf edən infeskiyanın qarşısını almaq mümkün olub.