Bu gün Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü – Kiçik çillə başa çatır. Sabahdan onu Boz ay əvəzləyəcək…
Modern.az saytının məlumatına görə, qış fəsli dekabrın 22-də başlayıb.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.
Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. “Çillə” sözü – ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.
Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.
Bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.
Martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz bayramı qeyd olunacaq.