Allah Təala namazda olan insana neçə dəfə diqqət edər?

İmam Sadiq (ə) buyurur: “Nə zaman bəndə namaza dayansa, Allah Təala ona üz çevirər. Davamlı olaraq bəndəsinə diqqət göstərər, o zamana qədər ki, o, üç dəfə Allahdan üz çevirər. Nə zaman bəndə üçüncü dəfə Allahdan üz çevirər, Allah da ondan üz çevirər”.

Şərhi.

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, bu mübarək hədisdə bir neçə mühüm nöqtəyə işarə edilmişdir. O cümlədən:

1. Əgər bəndə Allaha üz çevirsə, Allah da ona üz çevirər. Çünki bəndə bilməlidir ki, Kiminlə danışır və Ona nələri deyir. Namazda diqqətli olmaq – insanı Allaha yaxın edər və Allah bu cür bəndəsinə diqqət edər. Ona xüsusi inayət bəxş edər.

2. Əgər bəndə Allahdan üz çevirsə, bilsin ki, Allah da ondan üz çevirəcəkdir. Ancaq Allah yenə də insana fürsətlər verər və buyurar ki, əgər Məndən üç dəfə üz döndərməsə və diqqətini axıra qədər davam etdirsə, Mən də ona axıra qədər diqqət edərəm. Əks halda Allah ondan üz çevirər. O bəndə ki, Allah ondan üz çevirmişdir, İlahi rəhmətdən və bir çox bərəkətlərdən məhrum olar.

İnsanın namazda Allahdan üz çevirməsi o deməkdir ki, Ona diqqət etməz. Ancaq əgər bəndə iki rükətli namazı qəlb hüzuru ilə yerinə yetirərsə, o zaman bütün kiçik günahları bağışlanar və düyünləri açılar.

Bəndənin Allaha diqqət etməsi o deməkdir ki, namazın sözlərinin mənasına diqqət etsin və onu başa düşərək söyləsin və bilsin ki, müxatəbi Kimdir və Kiminlə söhbət edir. Kimin qarşısında dayanmışdır və səcdəyə getməkdədir.

Ey bəndə! Namaz sənin gün ərzində ancaq bir neçə dəqiqəni alır və bu bir neçə dəqiqədə çalış Onunla birlikdə olasan. Dünya və ətrafında olanları zehnindən çıxart və yerinə Allahı qoy. Sadəcə bu bir neçə dəqiqə ərzində bunu etməyə cəhd göstər. Özün də görəcəksən ki, necə qəlb hüzuruna malik olursan…

Allah Təala namazı, namaz olaraq qılmağı bizlərə müyəssər etsin!

Share: