Azərbaycanda sabaha müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.