Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin neçə faizinin tədris proqramı üzrə nəzərdə tutulmuş təhsil müddətində təhsilini başa vurmadığı açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov APA-ya açıqlamasında bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərdən orta statistik göstəricilərə əsasən təqribən 16 %-i bu və ya digər səbəbdən tədris proqramı üzrə nəzərdə tutulmuş təhsil müddətində təhsilini başa vurmur.
O eyni zamanda qeyd edib ki, Dövlət İmtahan Mərkəzindən kənar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yaxud diplomun həqiqi olmaması halları aşkar edildikdə bu barədə Mərkəz tərəfindən müvafiq dövlət orqanlarına məlumat verilir.
V.Əkbərov “Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron informasiya sistemlərində olan şəxslərin sayını da açıqlayıb.
Şöbə müdiri deyib ki, hazırda “Tələbə-məzun” dövlət elektron informasiya sistemində hazırda 1.000.000 nəfərdən çox şəxs haqqında təhsil məlumatları mövcuddur. “Şagird-məzun” dövlət elektron məlumat sistemində isə hazırda 1,6 milyon şəxs barədə 4 milyondan çox fərdi və təhsil məluimatları var.