Tokiodakı Kokuqakuin Universitetinin Yazı fakültəsinin doktoru, arxeoloq Hiroto Nakata və Yaponiya Elmin İnkişafı Fondunun və Perspektivli Tədqiqatlar Universitetinin doktoru, arxeoloq Sayci Arai AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki Arxeoloji Fondda kameral tədqiqatlar aparır.
AMEA-dan Milletinsesi.az-a bildirilib ki, yaponiyalı alimlərin kameral tədqiqatlarının əsas obyekti – arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisində aşkar edilmiş Mezolit və Neolit dövrünə aid daş və sümük əmək alətləridir. Aşkarlanmış alətlərin trasoloji analizi Azərbaycan ərazisində yaşamış Mezolit və Neolit dövrü insanlarının daş və sümük emalı texnologiyalarının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən edilməsi, yerli özəlliklərin və əhalinin mümkün miqrasiya vektorlarının təyinidir. Eyni zamanda, yaponiyalı mütəxəssislərin müasir texnologiyalar vasitəsilə apardığı tədqiqatlar Mezolit dövründə Azərbaycan ərazisinin iqlimi, flora və faunası barədə təsəvvür yaratmağa imkan verir.
Qeyd edək ki, yaponiyalı mütəxəssislər 2015-2019-cu illər arasında Azərbaycanın qərb rayonlarında, əsasən də Qazax rayonun hüdudlarında yerləşmiş Avey dağı ərazisində və Damcılı mağarasında tədqiqat aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının üzvləridir.