İranın birinci vitse-prezidenti də koronavirusa yoluxdu

İranın daha bir vitse-prezidentinə koronavirus diaqnozu qoyulub.

Report xəbər verir ki, ölkənin birinci vitse-prezidenti İsaq Cahangiridə koronavirus aşkarlanıb.

Bildirilib ki, İranın hökumət rəsmisi ailəsi ilə birgə evdə karantin altındadır.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 576-ya çatıb. Bunların 51 070 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

 

Share: