Cəlilabad rayon sakinindən yeddi kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Cəlilabad rayon polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini Teymur Hüseynov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm içərisində 15 ədəd psixotrop maddə olan metadon aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Teymur Hüseynovun rayon ərazisində yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi məlum olub. Onun evinin həyətində yerləşən yarım tikiliyə baxış zamanı ümumi çəkisi 4 kiloqram 45 qram olan tiryək və 3 kiloqram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Share: