Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədilə yeni sayt hazırlayır. Gələn həftə istifadəyə veriləcək www.koronavirus.az veb saytında təsdiqlənmiş, sübutlu təbabətə əsaslanan materiallar yer alacaq.
Bu barədə Milletinsesi.az-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.
Məlum olduğu kimi, hazırda xəbər saytları və sosial şəbəkələrdə hər gün bu xəstəliklə bağlı əsası olmayan müxtəlif materiallar yayımlanır, onların bəziləri isə nəinki yanlışdır, hətta sağlamlıq üçün ciddi təhlükə törədir.
Yeni saytın yaradılmasında əsas məqsəd – koronavirus (COVID-19) xəstəliyi barədə ictimaiyyətə təsdiqlənmiş doğru məlumatları, Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər və profilaktik tədbirlər barədə operativ xəbərləri çatdırmaqdır.
Dünya Səhiyyə Təşkilatı, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC), BMT-nin Uşaq Fondu (UNICEF) və digər beynəlxalq təşkilatların təlimat və tövsiyələri, materialları saytda geniş oxucu auditoriyasına təqdim ediləcək. Saytın materialları həmçinin İSİM-in rəsmi saytında yaradılan koronavirus haqqında məlumat bölməsində (https://www.isim.az/az//pages/55-Koronavirus) təqdim olunacaq.
İSİM xəstəliklə mübarizə və profilaktika tədbirlərinin daha da gücləndirilməsi məqsədilə bütün müəssisə və təşkilatları əməkdaşlığa dəvət edərək, bir daha əhalini təsdiqlənmiş, əsaslı məlumatlara inanmağa çağırır.