Mübariz Mənsimov FETO-çudursa, biz kimik?

Mübariz Mənsimovla indiyə kimi nə görüşüm olub, nə şirkətində çalışanlarla əlaqəm.. Düzdür, instaqram səhifəsindəki hesabına Gəmi Qayırma Zavodunda fəhlə işləyən qardaşım haqsız yerə işdən çıxarılandan sonra ona görə iş üçün müraciət etmişəm. O da bu günə kimi cavabsız qalıb. Amma o demək deyilki, mənim Mübariz Mənsimov və onun kimi əqidə sahiblərinə olan müsbət münasibətim dəyişəcək. Mənə köməyi dəyməyib, mənim kimi minlərlə insana dəyib..

Mənsimovun həqiqi ehtiyac sahibi olan və olmayan  həmvətənlərimizə etdiyi köməkliklər, xaricdə təhsil alan yüzlərlə tələbələrimizin təhsil haqqını ödəməsi, qələm əhlinə, incəsənət adamlarına təmənnasız yardımları əsl mərd kişiyə yaraşan hərəkətdir.

Bəlkə də siyasi oyunlara qoşulmaqla səhv etdi. Axı siyasət çirkin oyunlar aparanların əlində bir vasitədir. Dürüst insanlar bu oyunda ən tez uduzan tərəf olur.

Mənsimovun düşmənləri çox böyükdür:

1.Şirkətində bir dənə də olsun erməni çalışdırmayan həmyerlimiz daim erməni diasporunun hədəfində olub.

2. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ilə kritik olan münasibəti də onun üçün təhkükəli idi.

3. Azərbaycan mətbuatının yalnız bir qismi ilə münasibət quran Mənsimov digər bir qrupunu da incik salmışdı. Bu, həmyerlimizin həbsindən əvvəl də, sonra da özünü biruzə verdi.

4. Əvvəl şirkətində çalışıb, sonra oğurluq etdiklərinə görə  oradan qovulan yüksək vəzifəli əməkdaşları hər zaman ona problem yaratmağa çalışıb.

5. Son zamanlar Azərbaycanda əsasən müxalifət nümayəndələrini dəstəkləyən paylaşımlar etməsi Azərbaycanda iri məmurları ondan incik saldı və bəzi mətbu orqanları bunu siyasi manevr adlandırdı.

Mübariz Mənsimovun həbsinə uzun illərdir ki, çalışanlar nəhayət onu reallaşdıra bildilər. Buna sifarişli həbs, şərlənmə, böyük güclərin qəzəbinə gəlmək  və s. demək olar. Onsuz da  bütün bəlalı qərarlar yalnız “yuxarılarda” verilir. Dünyanı  cənginə alan koronavirusun yayılması, müsəlman ölkələrindəki günahsız insanların qətlə yetirilməsi, milyonlarla qaçqın ordusunun yaranması, millətin sevgisini qazananların bir andaca məhv edilməsi, süni qidaların yaranması, dünyada narkotik vasitələrin gənclər arasında yayılması,  əxlaqsızlıqdan böyük pulların qazanılması  haqqındakı qərarlar yuxarıda oturan ruhsuz insanlar tərəfindən verilir. Mübariz Mənsimov da onu həbs edən hakimin dediyi kimi yuxarıların sifarişi ilə həbs olunub . Demək, ordan hüquq yolu ilə qurtulmaq çox çətin olacaq.

Yuxarıda sadalanan beş böyük gücün və üstəgəl “Yuxarılar” qarşısında Mübariz Mənsimovun kömək etdiyi insanların duaları, varsa, Türkiyə Məhkəmələrinin ədaləti, bir də Uca Tanrı durur. Allah qapısını açıq etsin. Hansı maddəylə şərlənmısindən asılı olmayaraq, Mübariz Mənsimovun azadlığını bir vətəndaş olaraq sona qədər tələb edəcəm.

Türkiyəni Azərbaycan qədər, Azərbaycanı canından çox sevən, onun hər bir vətəndaşına doğması kimi qayğı göstərən xeyriyyəçi, nüfuzlu iş adamı olan Mənsimovun evinə soxulmaq və onu təhqir etmək insanlığa sığmayan hərəkətdir. İllərdir Türkiyə və Azərbaycan bayrağını dünya sularında layiqli dalğalandıran vicdanlı və dürüst insana qarşı həyata keçirilən iyrənc sifarişi yalnız erməni qanı daşıyanlar verə bilər. Bu həm də Türk və Azərbaycan qardaşlığına xələl gətirəcək bir plandır.

Çirkin bir ləkə ilə yaşamaqdansa, şərəfli ölümü seçib, özünü Allaha təslim edən Mənsimovu millətimiz sona qədər müdafiə etməlidir. Haqq və ədalət gec-tez yerini tapacaqdır.

Bu millətin Mübarizləri heç vaxt FETO-çu ola bilməz. Əgər onlar FETO-çudursa, onda biz kimik?

Mübariz Mənsimov hər zaman özünü Heydər Əliyevin əsgəri hesab edib. O həm də 60 milyonluq Azərbaycanlının Prezidenti İlham Əliyevin əsgəridir. Ali baş komandan nüfuzundan istifadə edərək əsgərinin müdafiəsi üçün əlindən gələni əsirgəməməlidir. Buna ümidimiz sonsuzdur.

Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə Mübariz Mənsimovdan hər dəfə Türkiyəyə səfər edəndə çek alanların, qidalananların və istifadə edənlərin səsi ya az gəlir, ya da  heç gəlmir. Diasporamız elə bil yoxdur.  Onu müdafiyəyə qalxanlar yenə də millətimizin şərəfli ovladlarıdır.

Talıb Əhədov

Share: