Afinadan Olimpiya məşəlini gətirəcək təyyarə Yaponiyanı tərk edib

Afinadan Olimpiya məşəlini gətirəcək təyyarə Tokiodakı Haneda aeroportunu martın 18-də tərk edib. Lakin yeni koronavirus təhlükəsinə görə təyyarənin göyərtəsində Oyunların təşkilatçılarının nümayəndələri olmayıblar.

“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yeni koronovirus təhlükəsinə görə sədr Yoşiro Morinin və Olimpiya Oyunları üzrə nazir Seyko Haşimotonun daxil olduğu yüksək səviyyəli nümayəndə heyətinin Afinaya göndərilməsini məqsədəuyğun hesab etməyib.

Xatırladaq ki, son məlumatlara görə, yeni koronavirus bütün dünyada 8 minə yaxın insanın dünyasını dəyişməsinə səbəb olub.

Təşkilatçıların bildirdiyinə görə, Olimpiya məşəlinin ötürülməsi mərasimində o, Yaponiyanın Yunanıstandakı səfiri ilə görüşəcək. “Tokio-2020”nin təşkilat komitəsinin ötən həftə Yunanıstana yola düşmüş aşağı səviyyəli nümayəndələri məşəli Yaponiyayadək müşahidə edəcəklər.

Təyyarənin Yunanıstana yola salınması mərasimində aviaşirkətin və aeroportun təqribən 20 əməkdaşı iştirak edib. Yeni koronovirus təhlükəsi ilə əlaqədar aeroportlarda tətbiq edilən məhdudiyyət səbəbindən reyslər kütləvi şəkildə təxirə salındığına görə, aeroportda demək olar ki, heç kim olmayıb.

Olimpiya məşəlinin martın 20-də Matuşima aviabazasında heç bir mərasim təşkil edilmədən qarşılanacağı bildirilir.

Hazırda bütün dünyada Olimpiya Oyunları ilə əlaqədar təsnifat turnirlərinin təxirə salınmasına baxmayaraq, təşkilatçılar onun planda nəzərdə tutulduğu kimi, iyulun 24-də başlayacağını bildirirlər.

Beynəlxalq Olimpiya Komitəsi də martın 17-də bəyan edib ki, yeni koronovirusun qlobal səviyyədə yayılmasına baxmayaraq, Oyunlarla əlaqədar heç bir radikal addımın atılacağı planlaşdırılmır və yarışların dörd ay sonra başlanması üçün lazım olan bütün addımlar atılacaq. (AZƏRTAC)

Share: