ABŞ prezidenti Donald Tramp ABŞ-ın üç avtomobil şirkəti – General Motors, Ford Motor və Tesla-nın koronavirusa yoluxmuş amerikalıların müalicəsində istifadə edilən ventilyator və digər avadanlığın istehsalına keçəcəklərini bildirib.
Tramp bu haqda Twitter səhifəsindəki mesajda yazıb.
Respiblikaçı Tramp bəzi müxalif Demokratların Amerika şirkətlərini koronavirusa yoluxma hallarının müalicəsi üçün lazımi tibbi avandanlıq hazırlamağa məcbur etmədiyinə görə tənqid edib. Tramp buna göstəriş verməsə də, ABŞ korporasiya nəhənglərinin könüllü səylərinə yüksək qiymət verib.
Başqa bir tvitdə isə Tramp FedEx xidmətinin baş icraçısı Frederik Smitə ölkədə bağlamaların təcili çatdırılması işinin sürətlə görülməsinə görə təşəkkürünü bildirib.
Federal Fövqəladə Hallar agentliyinin administratoru Piter Qeynor bazar günü CNN tele kanalına bildirib ki, Tramp şirkətlərə maska, ventilyator və digər mühüm tibbi avandanlığın istehsalı əmri verilməsini nəzərdə tutan Müdafiə İstehsal Aktına hələlik müraciət etməyib, belə ki şirkətlər bunu könüllü olaraq edir.
“Çox gözəl şeylər baş verir. Biz avtomobil şirkətləri və digər şirkətlərdən onların ventilyatorlar və başqa şeylər istehsal etmək gücünə malik olduqlarını xəbər verdikləri zənglər alırıq. Biz işləmək və ölkəmizə kömək etmək istəyən şirkətlər tərəfindən yaxşı mənada mühasirəyə alınmışıq”, Tramp cümə günü bildirib.
Lakin bəzi Demokratlar könüllü səylərin adekvat olmadığını bildirir.
Özü də Hyatt otellərinə sahib olan ailənin üzvlərindən biri olan İllinoys ştatının qubernatoru Pritzker CNN tele kanalına bildirib ki, onun ştatı kimi başqa ştatlar tibbi avadanlığa görə “digər ölkələrlə rəqabət aparır”.
O deyib ki, federal hökumətdən istənilən tibbi maska, əlcək və xalatların yalnız bir hissəsini ala bilib. Buna görə də, o, tibbi ləvazimatın beynəlxalq bazardan alındığını bildirib.
Birləşmiş Ştatlarda koronavirusa 27000-dən çox yoluxma halı, 323 ölüm halı təsdiq edilib. Bu, son günlərdə hər iki göstəricidə artım deməkdir.
Lakin ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutlarının direktoru Antoni Fauçi CBS tele kanalına müsahibədə Birləşmiş Ştatlarda ölüm hallarının sayına görə epidemiyanın başladığı Çini ötən İtaliyadakı vəziyyətin yaranacağını düşünmədiyini bildirib.
Fauçinin sözlərinə görə, onun bu nikbinliyinə səbəb ABŞ rəsmilərinin amerikalıların virusa yoluxmamaq üçün özlərini izolyasiya etməsinin vacibliyini vurğulaması ilə bağlıdır.