Misirdə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 30 nəfərə çatıb.

Bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən 6 nəfər dünyasını dəyişib. Onların arasında 75 yaşlı alman qadın da var.

Nazirliyin rəsmisi əlavə edib ki, martın 27-də ölkədə koronavirusa 41 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 536 nəfərə çatıb. Yeni virus daşıyıcılarından biri ABŞ vətəndaşı, qalanları yerli sakinlərdir. Eyni zamanda, ötən gün 14 xəstə müalicə olunaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam müalicə olunanların sayı 116 nəfərdir.

X.Meqahed əlavə edib ki, xəstələrin təcridi və müalicəsi Dünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə aparılır.

Share: