Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı

Koronavirusun minimal təsirinə məruz qalan və ya heç təsir etmədiyi sektorlar rabitə və maliyyə, bank və sığorta sektorlarıdır.

Bunu Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir buna səbəb kimi bu sektorun işçilərinin aldığı yüksək əməkhaqqını göstərib:

“Burada biz işçinin real maaşını və ya orta aylıq əməkhaqqını maksimal hədd olaraq götürürük. Həmrəylik konsepsiyasından çıxış edərək yüksək əməkhaqqı alan işçilərin dəstəyə ehtiyacının digərlərinə nisbətən daha fərqli olduğunu etiraf etməliyik. Bu istiqamətdə əsas baxış bucağımız minimal təsir və yaxud təsirsiz ötüşmədir”.

M.Cabbarov əlavə edib ki, koronavirusun yayılması ilə mübarizə ölkədə dövlət və sahibkarlar, hakimiyyətlə xalq arasında olan həmrəyliyə bir daha şahid olmağımıza imkan yaradıb.

Nazir qeyd edib ki, həm dövlət başçısının, həm də sahibkar və vətəndaşların Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri bu baxımdan milli birliyimizin daha bir təzahürüdür.

Share: