Son üç gündə Azərbaycanda pomidorun 1 kiloqramının qiyməti 1,5 manata düşüb.
Milletinsesi.az xəbər verir ki bunu Report-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Onun sözlərinə görə, ucuzlaşmaya həm ölkə daxilində, həm də ölkə xaricində pomidora tələbatın azalması və bolluq yaranması səbəb olub:
“Hazırda Azərbaycanda pomidor mövsümü deyil, məhsul yalnız istixana şəraitində yetişdirilir. İndiyə qədər pomidor əsasən Rusiya, Ukrayna və Belarusa ixrac edilirdi. Amma bu ölkələrdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimi pomidora tələbatı azaldıb. İndi xüsusilə Rusiyaya pomidor ixrac etmək sərfəli deyil, odur ki, yerli sahibkarlar məhsulu daxili bazara yönəldiblər və bolluq yaranıb.
Elə Azərbaycanda da karantin rejimi aqrar məhsullara, o cümlədən pomidora tələbatı azaldıb. Hazırda ölkədə şadlıq və mərasim sarayları fəaliyyət göstərmir, toy və yas kimi tədbirlər keçirilmir. Turizm sektorunda da işlər tam şəkildə dayanıb, ictimai iaşə obyektləri də fəaliyyət göstərmir. Bunlar kənd təsərrüfatı məhsullarının topdansatış alıcıları idi və hazırda işləmədikləri üçün daxili tələb 5% azalıb. Bazarda təkif isə əksinə, 5% artıb. Bu da ucuzlaşma yaradır”.