Kirayə evlərin və obyektlərin qiyməti enir

Paytaxtın kirayə mənzil bazarında ilk dəfədir belə durğunluq yaşanır. Bu hal sentyabra qədər davam edəcək. O vaxta qədər kirayə mənzillərin qiymətləri mərhələli şəkildə enəcək.

Bu barədə Milletinsesi.az-a əmlak eksperti Elnur Fərzəliyev koronavirus pandemiyasının paytaxtın kirayə mənzil bazarına və qiymətlərə göstərdiyi təsir barədə danışarkən deyib.

Ekspert bildirib ki, ilk dəfədir kirayə mənzil bazarında bu qədər boşluq var:

“Bakıdakı kirayə mənzillərin əksəriyyəti hazırda boşdur. Adətən yay aylarında tətil olduğu üçün kirayə mənzillərin əksəriyyəti boş olur. Ancaq bu dəfə təkcə paytaxtda oxuduğu üçün kirayə qalan tələbələr deyil, bölgələrdən gəlib Bakıda işləyən rayon qeydiyyatı olan şəxslərin də bölgələrə getməsi kirayə evləri boşaldıb. Əksər iş yerlərinin bağlanması səbəbindən Bakıda kirayə yaşayıb işləyənlər geri dönüb. Hazırda paytaxtda kifayət qədər boş kirayə mənzil var. Lakin qalmaq üçün müraciət edən yoxdur. Bu səbəbdən evini kirayə verən şəxslər evlərin qiymətini 50 faizə qədər aşağı salıb. Hətta evində kirayəçi olanlar belə qiymətdə müəyyən endirim edib. Səbəb isə karantin rejimi ilə əlaqədar olaraq əksər iş yerlərinin bağlanmasıdır. Kirayə mənzil bazarında mövcud durumu nəzərə alaraq, bir aylıq kirayə haqqından imtina edənlər də var. İndi evini kirayə verən heç kəs risk edib kirayənişini çıxarmır. Çünki boşaldacağı evə gələcək kirayənişin də yoxdur”.

E.Fərzəliyev bildirib ki, prosesin hələ uzun müddət davam edəcəyi gözlənilir:

“Bu ayın sonuna qədər vəziyyət normallaşsa belə, kirayə mənzil bazarının əvvəlki qaydasına düşməsi mümkün olmayacaq. Belə hesab edirik ki, proses hələ 2-3 ay davam edəcək. Qarşıdan isə yay gəlir və yayda adətən kirayə mənzillər boşalır”.

Ekspert qeyd edib ki, kirayə mənzil bazarında qiymətlər sentyabra qədər mərhələli şəkildə enəcək:

“Qiymət mərhələli şəkildə müəyyən dövrə qədər enəcək. Kirayə mənzil bazarının dirçəlməsi sentyabra çəkəcək. Bu enmə təkcə kirayə mənzillərə aid deyil. Kirayə obyektlərin də qiymətində enmələr olacaq”.

 

Share: