Dəb sənayesi koronavirusdan sonra necə dəyişəcək? – Armani açıqladı

İtalyan dizayner Corcio Armani inanır ki, koronavirus pandemiyasından sonra dünya əvvəlki kimi olmayacaq və istənilən sənaye sahəsi kimi, moda da yeni reallıqlara uyğunlaşmaq məcburiyyətində qalacaq.

Xarici mətbuat xəbər verir ki, dünya şöhrətli brendin rəhbəri COVID-19 bitdikdən sonra markaların iş prinsiplərini dəyişdirəcəyini açıqlayıb. O, bu barədə “WWD” nəşrinə açıq məktub ünvanlayıb. Modelyer müraciətində ilk növbədə paltar istehsalını azaltmaq təklifi ilə çıxış edib. O, əmindir ki, yalnız yavaş modaya qayıdış istehlakçını hər bir işə qoyulan zəhməti yenidən qiymətləndirməyə və dəyərini hiss etməyə məcbur edəcək.

Corcio Armani mövcud vəziyyətin moda sisteminin mahiyyətini, cədvəlini nəzərdən keçirmək üçün əlverişli imkan olduğunu, kruiz şouslarının keçirilməsini tamamilə yersiz hesab etdiyini söyləyib:

“Bu gün bəzi irimiqyaslı şoular sadəcə vulqar görünür, bu, çox böyük ehtiyatların itkisidir. Xüsusi hadisələr xüsusi günlərdə baş verməlidir və indi olduğu kimi adi bir hala çevrilməməlidir. Düşünürəm ki, moda şoularının sayını minimuma endirmək, mövsümdən kənar kolleksiyalardan imtina etmək, o cümlədən yaz və qış kolleksiyalarını sadəcə ilin fəsillərinə əsasən satmağa başlamaq lazımdır. Payız öncəsi kolleksiya buraxmağı planlaşdırmıram.

İnanıram ki, bir kolleksiya göstərmək kifayətdir. Mövsümdən kənar kolleksiyalarla şoular arasındakı bütün fərq yalnız çatdırılma tarixləri ilə seçilir. Hər kəs unudub ki, əsl lüksün qiymətləndirilməsi üçün vaxt tələb edir. “Giorgio Armani”etiketi altında istehsal olunan gödəkçələrin cəmi üç həftə satılmasında heç bir səbəb görmürəm. Əks təqdirdə, o, artıq köhnəlmiş bir model hesab olunur və onu çox oxşar, lakin yenisiylə əvəz etmək lazım gəlir. Heç vaxt belə işləməmişəm və prinsipcə belə bir yanaşmanı anormal hesab edirəm”, – deyə o, açıqlamasında qeyd edib.

Bundan əlavə, dizayner bu fikirdədir ki, bütün diqqət nəhəng büdcələrin xərcləndiyi xüsusi effektlərə və qeyri-adi detallara deyil, geyimə yönəldilməlidir. Armani həmkarlarını kiçik ölçülü kolleksiyalar buraxmağa və moda nümayişlərinin sayını minimuma endirməyə çağırıb.

Məktubda C.Armani ekologiya mövzusuna da toxunub, onun fikrincə, qış kolleksiyalarında kətan paltarların, yay kolleksiyalarında yun paltoların olması moda sənayesinin geyimləri həddindən artıq artırmasına təsir edir və bu da öz növbəsində ətraf mühitə mənfi təsir göstərir.

Dizayner həmçinin İtaliyanın şimalındakı bütün fabrikləri yerli klinikalara pulsuz tibbi geyim tikməyə dəvət edib./publika.az

Share: