Mayın 1-dən qaydalara əməl etməyənlər cərimə olunacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bildirilib.
Məlumatda qeyd edilir ki, martın 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılıb. Bu addımın həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək nümayiş etdirmək məqsədi ilə atılıb.
Qeyd edilib ki, 27 aprel tarixindən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunur:
“Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.
Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsi ilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, 1 may tarixindən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir”.