Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur.
Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə – kvadrat kəllə, yəhərvarı burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara səbəb olur. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.
Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il Azərbaycanda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. AZƏRTAC xəbər verir ki, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz və Göyçay rayonlarında bu xəstəliyə daha çox rast gəlinir.
Ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.
Son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Artıq ölkəmizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir.
Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.
Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.