“Nəsuh” tövbəsi əslində bir şəxsin adından götürülmüşdür ki, həmin şəxs həqiqi tövbə edərək, Allaha yaxınlaşmışdır. Nəql olunur ki, Nəsuh bir kişinin adıdır ki, qadına bənzəyən qiyafəsi olmuşdur. O, qadın hamamında işləyirdi və heç kəs onun kişi olduğunu bilmirdi.
O, gördüyü bu işinə görə dəfələrlə tövbə edir, ancaq yenə də tövbəsini pozur və şəhvəti ona güc gəlirdi. Bir gün rəbbani alimlərdən birinin yanına gedir və ondan istəyir ki, qəbahətli əməlinə görə onun üçün dua etsin. Həmin alim də onun çətinliyinin nə olmasını soruşmadan, onun haqqında dua edir. Sonra ona deyir ki, inşəallah, həqiqi tövbə sənə nəsib olar. Bu hüsnü-zənn ona xeyli təsir buraxır.
O arifin duası nəticəsində Nəsuhun tövbə zəminələri hazır olur. Belə ki, Nəsuh həmişəki kimi hamamda işi ilə məşğul idi. Birdən səs-küy düşdü ki, bəs şahın qızının sırğasının mirvarisi itmişdir. Heç kəsə hamamdan çıxmağa icazə vermədilər və hamını təftiş etməyə başladılar. Hamını yoxlayırdılar. Nəsuh bu xəbəri eşidən zaman çox qorxdu və hamamın xəlvət yerinə gedib, Allaha dua etməyə başladı.
O, dedi: “Allahım, baxmayaraq ki, dəfələrlə tövbəmi sındırmışam, Səni Səttar olmağına and verirəm ki, bu dəfə də eybimi gizlət”.
Bu zaman Nəsuhun növbəsi gəlib çatdı və onun adını çağırdılar. O, adını eşidən zaman özündən getdi və bihuş oldu. Başqa qadın fəryad çəkdi ki, “müjdə verin, mirvari tapılmışdır”.
Bu zaman Nəsuh özünə gəlir və görür ki, mövzu yaxşı tərəfə həll olmuşdur. O, bu gündən sonra tövbəsinə sadiq qaldı və həmin işdən çıxdı. (Tebyan)
Beləliklə, həmin arifin duası qəbul oldu.
“Nəsh” sözünün mənası “xalis olmaq” deməkdir. Nəsuh tövbəsi də xalis tövbədir ki, hər kəsə qismət olmur. Onun üçün bəzi şərtləri yerinə yetirmək lazımdır ki, tövbə, həqiqi tövbə olsun. Bu şərtlər ibarətdir:
– qəlb peşmançılığı;
– dillə edilən istiğfar;
– günahı tərk etmək;
– gələcəkdə onu təkrar etməmək əzmi.
Allah Təala hamımıza “Nəsuh” tövbəsi nəsib etsin!