Beş aydan artıqdır ki, Xətai rayonuna icra hakimiyyətinin başçısı təyin edilmir. Bəlkə də iri klanlar arasında gedən qızğın mübarizənin nəticəsidir ki, Bakının ən iri rayonlarından biri başçısız qalıb.
Bu müddət ərzində Xətai rayonunda bütün tikintilər dayanıb və yalnız abadlıq işləri gedir; Cavanşir küçəsi zibilliklərdən təmizlənərək minə yaxın ağac əkilib, Fəhlə prospektində “Nargilə kafe”sindən Naxçıvanskiyə qədər olan yol kənarlarında minlərlə ağac əkilib.
Bir sözlə, Xətai rayonunun bütün küçə və yollarında yalnız abadlıq işləri görülür və görülməkdə davam edir. Lakin bu haqda heç bir xəbər agentliyi məlumat yaymayıb. Heç İcra Hakimiyyətinin mətbuat şöbəsi də görülən işlər barəsində ətraflı xəbər verməyib və bu istəkdə olmayıb.
6 ay müddətində ilk dəfə idi ki, Xətaidə 164 ədəd ağac kəsilməsi haqda məlumat kosmik sürətdə yayıldı və irili- xırdalı bütün saytlar da xəbəri həvəslə tirajladılar. Qeyd edilən yaşıllıq sahəsinin sənədləşdirilməsi də sabiq başçının vaxtında həyata keçirilib. Ümumiyyətlə, Bakı şəhərində nəinki ağacın, hətta onun budağının da kəsilməsinin əlehinəyəm. Amma Bakıda yaşıllıqların soyqırımı ilə sabiq icra başçısı Razim Məmmədovun daha fəal məşğul olub. İndi onu Xətaidə sabiq başçının iş başında olan komandası həvəslə həyata keçirir. Bu, Məmmədovun təşkil etdiyi ilk hücumdur.
Hər kəsə bəllidir ki, Razim Məmmədovun sağ əli və yaxın qohumu Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Xalid Məmmədov bir sıra qanunsuz tikililərə görə və rüşvət almaqda təqsirli bilinərək həbs olundu. O, Razim Məmmədovun azadlıqda qalması üçün həyatının 8 ilindən çoxunu həbsxanada keçirəcək. Təqsirkarın vətəndaşlardan yığdığı pulların əvəzinə Xətai rayonunda Razim Məmmdəova məxsus olduğu iddia edilən MTK-lardan evlər verilir ki, əlavə şikayətlər olmasın. Bu prosesdə Xətai İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Quliyevi günahkar bilən sabiq icra başçısı yəqin ki, Xətaidə olan köhnə komandasına onun işlərinə daim problem yaratmağı tapşırıb. Hətta bizi “JEK” rəisləri hələ də ona “cənab başçı” deyə müraciət edirlər.
Ağacların qırılmasına görə heç kimi tənbeh etmək səlahiyyətində olmayan Rafiq Quliyev Razim Məmmədovun “ordusu” içərisində tək qalıb. Necə ola bilər ki, ən ücqar küçədə bir kv.m yer üçün tikintiyə razılıq verməyən Rafiq Quliyev Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında yüzdən çox ağacın qətlinə fərman versin?
“JEK” rəisini çıxarmaq səlahiyyətinə malik olmayan Quliyev Razim Məmmədovun köhnə komandası ilə meydanda tək qalıb. Özünü yerli padşahlar hesab edən bəzi “JEK müdirləri fürsətdən istifadə edərək, vətəndaşlarla anlaşıb qanunsuz tikintilərə “razılıq” verirlər və sonra da onu rəhbərliyinin adına yazırlar. Demək, Razim Məmmədov özü olmasa da Xətaidəki əlaltıları vasitəsi ilə köhnə postu uğrunda mübarizədə əzmlə çalışır. Görək növbəti zərbə hansı “JEK” rəisinin ərazisindən vurulacaq?!
Milletinsesi.az
İnformasiaya şöbəsi