Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhərində və digər bölgələrdə yerləşən regional bölmələrinin inzibati binalarında xüsusi karantin rejimi müddətində vətəndaşların onlayn növbə ilə qəbuluna başlanılır.
DİM-dən Millətin Səsi.az-a bildirilib ki, vətəndaşların qəbulu mayın 18-i il saat 09.30-dan etibarən DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.
Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. Müraciətlə bağlı, ilk növbədə, 1653 Çağrı mərkəzinə zəng etmək və ya sosial şəbəkələrdə (“Facebook”, “Instagram”) DİM-in səhifəsinə yazmaq tövsiyə edilir.
Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları (şəxsi, görüşün mövzusu, yeri, tarixi və saatı) doldurmaqla xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını və yerini dəyişmək istəyənlər “Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər.
Vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 9:30-dan 17-dək həyata keçirilir.
Onlayn növbəyə yazılmış şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.
Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.