Rəsulzadənin nəvəsi Paşinyanın iddialarına cavab verdi

Rəis Rəsulzadə: “Ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən!”

“Belə iddialara arxiv sənədləri ilə ən mükəmməl cavabı Mamuliya (Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamuliya-E.P.) verib. Sübuta yetirib ki, Nijde ilə Rəsulzadəni heç vaxt eyniləşdirmək olmaz. Araşdırmaçı alim yazmışdı ki, Nijdə nə ilə məşğul olub, Rəsulzadə hansı faəliyyəti göstərib. Əslində o cavabdan sonra Rəsulzadə ilə bağlı iddialara əhəmiyyət verməyə dəyməz. Kimlər belə iddialar irəli sürürsə, demək olar ki, gedin, tarixi yaxşı öyrənin, orda-burda eşitdiklərinizə əsasən, ağzınıza gələni danışmayın”.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə bu fikirləri Musavat.com-a açıqlamasında söylədi.

Ermənistanın baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadənin ünvanına şər-böhtan səsləndirməsinə cavabında R.Rəsulzadə bildirdi ki, Məhəmməd Əminə Almaniya hökuməti ilə əməkdaşlıq təklifi edilsə də, bu təklif qəbul olunmayıb: “Çünki almanlar Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmirdilər. Ona görə də Rəsulzadə legionerlər qarşısında çıxış edərkən bildirmişdi ki, siz ancaq öz Vətəniniz uğrunda mübarizə apara bilərsiniz, sizin başqa xalqlarla işiniz yoxdur. Belə olduqda ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən! Beləliklə, Rəsulzadəni “persona non qrata” (“arzuolunmaz şəxs”-red.) elan etdilər. Bu mövzuda danışanlar gərək əvvəlcə tarixi yaxşı öyrənsinlər, sonra danışsınlar”.

R.Rəsulzadə Paşinyanın iddialarına toxunaraq qeyd etdi ki, Rəsulzadə faşistlərin ideologiyasına tam zidd gedirdi: “Hətta Məhəmməd Əmin bu barədə yazı da yazmışdı və Nəsiman Yaqublu həmin yazını mətbuatda dərc etdirmişdi. Amma bu gün bizim ən böyük dərdimiz Qarabağın işğal altında olmasıdır. Bir şeyi anlamaq lazımdır ki, bu, düşməndir. Biz ona nəsə deyəndə, o da nə istəsən, deyə bilər. Şuşada 8-9 mayda nə oyunlar çıxartdılar, rəqs elədilər, indi də Qarabağda saxta “prezident”in andiçmə mərasimini keçirməyə hazırlaşırlar. Bu məsələləri qaldırmalıyıq. Ermənistanda iddia edirlər ki, “demokratik seçki” keçiblər və üzlərini Qərbə doğru çeviriblər. Bu məsələdə Paşinyan xal qazandı. Baxmayaraq ki, ermənilər Rusiyadan asılıdır. İndi biz əsas məsələləri qoyub, olmayan məsələlərdən danışmalı deyilik. Bilməliyik ki, bu, düşməndir və nə istəsə, deyə bilər”.

Rəis bəy onu təəssüfləndirən bir məqama da toxundu: “Moskvadan mənə zəng etmişdilər ki, bizim özümüzkülərdən də kimsə nəsə yazıb. Belələri özləri araşdırmır, sovet tarixini oxuyur, ona uyğun nəsə yazırlar. Belələri Azərbaycanın müstəqilliyinin, istiqlalının düşmənləridir. Onlar yenə də Azərbaycanı Rusiyaya calamaq istəyirlər. Rəsulzadənin Rusiyaya qarşı hər hansı ittihamı yox idi. Deyirdi biz bütün xalqlarla dinc, yanaşı, qonşuluq əşraitində yaşaya bilərik, amma biz onlarla azad, müstəqil ölkə kimi əməkdaşlıq edə bilərik, müstəmləkə kimi yox. Təbii ki, Rusiya neçə əsrlərdir işğalçılıq siyasətindən əl çəkmir, bu gün də o əlamətləri görürük. Gürcüstanda, Ukrayndada baş verənlər, Krımın işğalı faktdır. Bu siyasət o dövlətin mahiyyətindədir. Ona görə də bu məsələləri qarışdırmaq lazım deyil”.

R.Rəsulzadə qeyd etdi ki, düşmənin bu saxta iddiaları növbəti dəfə Rəsulzadə ilə bağlı məsələni aktuallaşdırır: “Sual olunur, bizdə Rəsulzadəyə abidə niyə qoyulmur?”Rəis bəy hesab edir ki, Bakının mərkəzində Məhəmməd Əminə möhtəşəm abidə qoyulsa, bu, düşmənə tutarlı cavab olar: “Bu, çox ciddi məsələdir və buna baxmaq lazımdır. İkincisi də biz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan dəvlətin vətəndaşlarıyıq, bütün dünya bunu qəbul edir. Bu günlərdə Prezident Tramp da Respublika günü münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Azərbaycanın bütün ictimaiyyəti, mediası, alimləri ortaya mövqe qoymalıdır ki, Paşinyan kimilər susdurulsun. Eyni zamanda Qarabağ haqqında ciddi düşünmək lazımdır. Fakt budur ki, Minsk Qrupu heç bir iş görmür”.

Share: