Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. Ələt azad iqtisadi zonası yaradılsın.
2. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu (bundan sonra – Azad Zona səlahiyyətli qurumu) yaradılsın.
3. Bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilsin.
4. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görsün;
5.2. bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, Azad Zona səlahiyyətli qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etsin;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etsinlər.
8. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 noyabr tarixli 861 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1709) 3–7-ci hissələri ləğv edilsin.
***
İlham Əliyev Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Bayramov Muqabil Tofiq oğlu
Tağıyeva Umayra Rauf qızı
“Tərəqqi” medalı ilə
Babaşova Zeynəb Saleh qızı
Cavadov Vaqif Məhəmməd oğlu
Cəfərov Qurban Qafar oğlu
Cəfərov Oqtay Cəfər oğlu
Əkbərov Dünyamalı Fərrux oğlu
Əliyev Mayis Abazər oğlu
Əşrəfov Ramik Yunis oğlu
Həmidova Elmira İsa qızı
İbadov Eldəniz İsmayıl oğlu
Qafarov Rəhim Qafar oğlu
Qaralov Əziz Məmiş oğlu
Məmmədov Vaqif Yaqub oğlu
Məmmədova Sədaqət Zeynal qızı
Mustafayeva Raya Gülbala qızı
Rəhmanov Zəfər Vaqif oğlu
Sadıqova Valentina Viktorovna
Sultan-zadə Firuzə Vəhdət qızı.
***
İlham Əliyev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Əliyev Əli Məmməd oğlu
İsmayılov Nazim Sultan oğlu”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 257; 2015, № 5, maddə 542; 2018, № 3, maddə 447, № 4, maddə 679) 2.5-ci bəndi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2020-ci il iyunun 1-dən qüvvəyə minir.