10 manatlıq şirkətin İcra Hakimiyyəti ilə milyonluq müqavilələri

 

Füzuli Rayon İcra Hakimiyyəti rayonda infrastruktur layihələrini həyata keçirmək üçün ümumi maliyyə dəyəri 538 690 manat olan 3 müqavilə imzalayıb.

“Millətin Səsi.az” xəbər verir ki, müqavilələr “Çinar-N” MMC (199 326 manat), “Xəmsə-M.X” MMC (199 221 manat) və “Ağçala-LM” MMC (140 143 manat) ilə bağlanıb.

Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və “sair xərclər” nəzərdə tutulub. Maraqlıdır ki, bu şirkətlərin üçü də bu ilin fevral ayında yaranıb. “Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

“Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə “Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, “Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur.

“Ağçala-LM” MMC-yə gəlincə, bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı “Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir.

Şirkətlərin yeni yaranması və eyni ünvanda yerləşmələri Füzuli Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin şəffaflığına şübhə yaradır. Yeri gəlmişkən, MMC-lərin qanuni təmsilçiləri barədə açıq mənbələrdə heç bir məlumata rast gəlmədik. Yenisabah.az

Share: