Masallıdakı güllələnmə ilə bağlı cinayət işi başlanıldı

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə “Millətin Səsi.az”-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 26-da Masallı rayonunda baş verib.

Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişığ”ın əməkdaşlarına atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.

Report.az

Share: