Şeyxin türkçülük və çoxarvadlılığa münasibəti

Mən heç vaxt siyasətə qarışmamışam. Amma elə şeylər var ki, kənardan durub baxmaq olmur. Mən də bu ölkənin vətəndaşıyam. Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil. Onun işlərinə müdaxilə eləmək, dövlətçilik ideyasını yaymaq mənim də borcumdur.

Milletinsesi.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə 1999-cu ildə Səfurə Çərkəzqızına müsahibəsində deyib.

Onlayn mediada ilk dəfə yayımlanan müsahibəni Modern.az saytı təqdim edib.

Allahşükür Paşazadə müsahibə əsnasında “Türkçülüyə qarşısınızmı” sualına belə cavab verib:

“Yalan söhbətdir, buna heç bir əsas yoxdur. Mən milli məsələlərə yox, dini işlərə baxıram. Milli məsələlər dövlətin işidir. Biz heç bir dini məzhəbi birləşdirmək fikrində deyilik. Amma bunların arasında dostluq yaratmaq borcumuzdur. O sözü deyən ancaq təxribat məqsədi güdür. Əslində, mənim istəyim odur ki, islamdan gələn keyfiyyətləri qoruyub saxlayaq. Heç bir dövlətin xüsusiyyətləri bizdən o keyfiyyəti almasın. Bizim öz modelimiz olmalıdır, ordan-burdan gələn yox. Əgər mənim bu mövqeyimi hər hansı millətin əleyhinə yönəldirlərsə, daha sözüm yoxdur”.

İslamda çoxarvadlılıqla bağlı fikirlərini bölüşən A.Paşazadə bunun Quranda buyurulduğunu deyib:

“Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdusa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdır. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdır. Dördüncü də elə. Quranda nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram”.

 

Share: