190 manat bu ay veriləcək? – NAZİRLİKDƏN RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayının xeyli artması karantin rejiminin yenidən sərtləşə biləcəyini göstərir. İş yerlərində məhdudiyyətlər olarsa, bu, məşğulluqla bağlı problemlərə səbəb ola bilər.

Bu səbəbdən dövlət vətəndaşlara dəstək ola bilər. İndi verilən ən çox sual isə 190 manat birdəfəlik ödənişlərin bu aya şamil edilib-edilməyəcəyi ilə bağlıdır.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Qazet.az-a açıqlamasında bildirib ki, bu ay üçün 190 manatlıq ödəmələrin həyata keçirilməsinə qərar verilməyib.

“Nazirlər Kabineti tərəfindən təsdiq edilən tədbirlər planında birdəfəlik ödəmə olan 190 manatın aylıq olaraq aprel və may ayları ərzində ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə tapşırılmışdı. Nazirlik tərəfindən ödənişlər aprel və mart ayları üçün ödənildi, proqram icra edildi. Ödəmənin verilməsində məqsəd xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, vətəndaşların məşğulluğu ilə bağlı ciddi məhdudiyyətlərin qoyulması idi. Hazırda isə belə qadağalar, məşğulluqla bağlı məhdudiyyətlər olmadığına görə, iyun ayında 190 manatın verilməsi nəzərdə tutulmur”.

Karantin rejiminin sərtləşəcəyi təqdirdə isə 190 manatlıq ödənişlər yenidən həyata keçirilə bilər.

“Təbii ki, məşğulluq istiqamətində hər hansı məhdudiyyətlər olarsa, bununla bağlı hökumətin qərarı olarsa, Nazirlik tərəfindən icra ediləcək”, – deyə Fazil Talıblı qeyd edib.

Share: