Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
1. Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etsin;
3.2. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.