Koronavirusdan qorunmaq üçün müxtəlif dezinfeksiyaedici vasitələrdən istifadə edirik, əllərimizi spirtləyirik, maskalardan istifadə edirik. Bəs bazarlarda necə, aldığımız məhsulların təmizliyinə diqqət edirikmi?
– Meyvə tərəvəz alarkən nələrə diqqət edirsiniz?
– Ancaq təmizliyinə. Baxırıq ki, aldığımız adam maskalıdır, əlcəklidir.
– Açıq şəkildə satılan meyvələri necə təmizləyirsiniz?
– 2-3 dəfə yuyuram. Tərəvəzləri sirkəli su ilə yuyuram.
– İlıq su ilə yuyuram. Suyunu süzürəm.
Xüsusilə də mövsümi meyvələrə tələbat artıb. Amma bu meyvələrin piştaxtalardakı rəngarəng görüntüsünü bəzən təhlükə əvəz edir. Belə ki, bazarlarda açıq satışda olan meyvələri aldığımız zaman alıcı və satıcılar heç bir qoruyucu vasitədən, əlcəkdən istifadə etmirlər.
Virusun tüğyan etdiyi bir dövrdə vətəndaşlardakı bu arxayınlıq bəzən ciddi fəsadlara yol açır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Cavidan Quliyev də əhalini meyvə-tərəvəz alarkən diqqətli olmağa çağırır: “Yay mövsümü olduğuna görə meyvə-tərəvəzlərin satışı daha çox həyata keçirilir. Xüsusilə COVİD-19 pandemiyasının davam etdiyi bir müddətdə bu məhsullara açıq əl ilə toxunmamağı alıcılara məsləhət görürük. Vətəndaşlar bu məhsulları alarkən sağlam olub-olmadığına baxmaq üçün əl ilə toxunma halları çox olur. Belə məhsullarda xəstəliyin keçmə halları da baş verir. Yaxşı olardı ki, bu məhsullarla əl təması olmasın”.
– Ancaq təmizliyinə. Baxırıq ki, aldığımız adam maskalıdır, əlcəklidir.
İnfeksionist Azər Nağıyevin fikrincə, nəzərə almaq lazımdır ki, meyvələrin paketlərdə olması onlarda virus təhlükəsinin olmaması demək deyil. Çünki qablaşdırılarkən də bu meyvələr əl ilə təmasda olur: “Meyvə-tərəvəz alarkən tamına baxmaq çox təhlükəlidir. Meyvə-tərəvəzi alıb evə gətirdikdən sonra paketdən boşaldıb qablara yığmazdan əvvəl yumalıyıq. Sadə şəkildə, heç bir kimyəvi vasitədən istifadə etmədən axar suyun altında bir necə dəqiqə ərzində yuyulmalıdır”.
Təhlükə saçan COVİD-19 virusunun meyvələr üzərində qalıcılıq müddətinə gəlincə Azər Nağıyev deyir ki, meyvələrin növündən aslı olaraq bu müddət dəyişir: “Meyvə-tərəvəz üzərində növündən, yəni quru, möhkəm qabıqlı olmasından asılı olaraq, bir neçə saatdan bir-iki günə qədər qalması mümkündür. Meyvə-tərəvəz keyfiyyətini itiribsə, buna bir neçə gün də əlavə oluna bilər. Ona görə də hər bir meyvə-tərəvəz təzə və ya köhnə olmağından asılı olmayaraq, real koronovirusa yoluxmuş ola bilər”.
Havaların isinməsi maska və əlcəkdən istifadəni çətinləşdirsə də, bu çətinliyə davam gətirmək sağlamlığımızı itirməkdən daha asandır. Pandemiyadan ən az zərərlə çıxmaq üçün daha məsuliyyətli davranmalıyıq. Etdiyimiz məsuliyyətsizliklərlə təkcə özümüzü yox, ətrafımızdakıları da təhlükə altına atırıq./apa