“Azərbaycan polisinə belə davranışı yaraşdırmıram” – MİLLƏT VƏKİLİ

Sabir Rüstəmxanlı: “Ailənin, qadın-uşağın yanında belə əməliyyat keçirmək, ailədəkiləri təhqir etmək, zorakılıqla vətəndaşı aparmaq düzgün deyil”

 

Ölkəmizin gündəmində əsas müzakirə mövzusu polis-vətəndaş münasibətləridir. İyunun 7-də Yasamal rayonunda baş verən hadisələr ictimaiyyətdə ikitirəliyin yaranması ilə nəticələndi. Belə ki, ötən həftənin son iki günü üçün elan edilən sərt karantin rejimini pozduğuna görə, Yasamal ərazisində polis vətəndaşı saxlayır, bölməyə aparmaq istəyir. Bu zaman yaxınlıqdakı binadan bir vətəndaş polisə zibil atır, müxtəlif söyüşlər söyərək təhqir edir.

 

Dünən isə səhər saatlarında polislər zibil atan şəxsi bölməyə apararaq inzibati şəkildə cəzalandırmaq üçün onun evinə gəlirlər. Əməliyyatın videosu mətbuatda yayıldıqdan sonra ictimaiyyətdə polisə qarşı aqressiya yarandı. Videodan görünür ki, polislər vətəndaşın mənzilinin qapısını qışqıraraq döyəcləyir, içəri keçdiyində ailənin qadınlarını, uşaqlarını nəzərə almadan kobudluq edir, kişini isə çılpaq şəkildə zorakılıqla aparırlar. Bu zaman polislər evin xanımını “dovşansan” deyə təhqir etməyi də unutmurlar.

 

Məsələ ilə bağlı ictimaiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirələr şiddətlənib. Bir qrup hesab edir ki, polis bu əməliyyatı düzgün aparıb, çünki vətəndaş qanunu pozub, polisə zibil ataraq təhqir edib. Digər bir tərəf isə hesab edir ki, polisin bu cür zorakılıq etməsi qanundan kənardır. Yəni, vətəndaş nə qədər qanunu pozsa da, cəzalandırılması da qanuni şəkildə olmalıdır. Vətəndaşların əksəriyyəti düşünürlər ki, polisin əməliyyat zamanı davranışı həmin şəxsin etdiklərinə adekvat deyil.

 

Bu arada qeyd edək ki, polis tərəfindən əməliyyat aparılan evin xanımının təhqir edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda qeyd olunur ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Xəbərdə daha sonra bildirilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Baş verən olay və ətrafında gedən müzakirələrlə bağlı AYNA-ya danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı məsələyə iki qütbdən yanaşır. O, hər şeydən əvvəl Azərbaycanın həm vətəndaşının, həm də polisinin güclü, qanunlara bağlı, sayğılı olmasını istəyir: “Həm vətəndaşlarımızı, həm polisi güclü görmək arzusundayam. Hər kəs bir-birinə hörmətlə yanaşmalıdır. Birinin rütbəsi ola bilər, birinin olmaz, amma hər kəs Azərbaycan vətəndaşıdır. Vətəndaşlar bir-birini sevməlidir, bir-birinə hörmət eləməlidirlər. Hamı bilməlidir ki, bu torpağın övladıdır, torpağa, ölkəyə, adət-ənənəmizə hörmətlə yanaşılmalıdır. Bu, məsələnin mənəvi tərəfidir. Yəni bir vətəndaş general ola bilər, başqa bir vətəndaş sıravi ola bilər. Hər kəs öz səlahiyyəti çərçivəsində, qarşılıqlı hörmət çərçivəsində hərəkət etməlidir”.

 

Konkret əməliyyatla bağlı isə S.Rüstəmxanlı bildirib ki, istənilən vəziyyətdə, nə qədər əsəbi, gərgin, çılğın olsa da, vətəndaşın polisin başına zibil atmasını qəbul etmir: “Polisin xüsusi statusu və vəzifəsi var. Onlar gecə-gündüz ölkə ərazisində ictimai asayişi qoruyurlar, qorumalıdırlar. Necə qoruya bilir, vəzifəsini necə yerinə yetirir – o, ayrı məsələdir. Bu, məsələnin birinci tərəfidir ki, mən karantin günü vətəndaşın hərəkətini birmənalı şəkildə qəbul etmirəm”.

 

“Yasamaldakı hadisənin videokadrlarına baxdım. Hesab edirəm ki, hansısa xırda hadisəyə görə o qədər polis əməkdaşının, böyük polis dəstəsinin bir evin həyətinə gəlməsi, bir mənzildə elə əməliyyat keçirilməsi doğru deyildi. Polis əməliyyat keçirsin, bu olmalıdır. Amma qatı cinayətkar olarsa, elə əməliyyat keçirilməlidir. Hardasa terrorçu var, ölkənin taleyi üçün təhlükəli hal və ya şəxs varsa, əməliyyat dünənkindən də sərt keçirilməlidir. Amma məsuliyyətsizlik edən bir vətəndaşın qapısını döymək, ailənin, qadın-uşağın yanında belə əməliyyat keçirmək, ailədəkiləri təhqir etmək, belə zorakılıqla vətəndaşı aparmaq düzgün deyil. Mən bunu qəbul etmirəm, Azərbaycan polisinə də belə davranışı yaraşdırmıram”, – deputat vurğulayıb.

 

Xalq şairi onu da qeyd edib ki, Azərbaycan polisi son illərdə əməliyyatları, asayişi təmin etməsi, nizam-intizamı ilə seçilir: “Elə koronavirus pandemiyasına görə tətbiq edilən karantin zamanı mən müşahidə etdim, polis küçədə, məhəllələrdə çox gözəl xidmət apardı. İnsanlarla mehribanlıqlarının, mədəniyyətinin şahidi olmuşam, bununla qürur duyuram. Həkimlərlə bərabər polisimiz də gecə-gündüz çalışdı, hazırda da çalışırlar. Amma yenə də deyirəm, kankret olaraq Yasamaldakı əməliyyat epizodu polisimizə yaraşmadı”.

Hökm.az

Share: