Dünyada koronavirusdan ölənlərin sayı 428 min nəfəri ötüb

Son sutka ərzində dünyada koronavirus infeksiyasından ölənlərin sayı 4 min 603 nəfər artaraq 428 min 487 nəfərə çatıb.

Milletinsesi.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün COVID-19 xəstəliyinə 140 min 917 nəfər yoluxub, bununla da yoluxanların ümumi sayı 7 milyon 751 min 888 nəfərə yüksəlib. Eyni zamanda, 3 milyon 973 min 187 nəfər sağalıb, müalicəsi davam edən 3 milyon 350 min 214 xəstədən 53 min 886-nın vəziyyəti ağır qiymətləndirilir.

Saytın Bakı vaxtı ilə bu gün saat 12:20-yə olan məlumatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 117 min nəfəri keçib. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (829 min 902), Rusiya (520 min 129), Hindistan (309 min 603), Böyük Britaniya (292 min 950), İspaniya (290 min 289) və İtaliya (236 min 305) gəlir.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 116 min 831 nəfər. İlk beşliyə daxil olan Braziliyada 41 min 901, Birləşmiş Krallıqda 41 min 481, İtaliyada 34 min 223, Fransada isə 29 min 374 nəfər koronavirus səbəbindən həyatını itirib.

Hazırda dünya əhalisi arasında koronavirusdan ölüm səviyyəsi hər milyon insana nisbətdə 55 nəfərdir. Bu göstərici Böyük Britaniyada 611, İspaniyada 580, İtaliyada 566, Fransada 450, ABŞ-da isə 353 nəfər təşkil edir.

Share: