Xarici dil öyrənən tələbələrdə tez-tez rastlaşdığım bir nüans var ki, bu da onlara hər hansı xarici dili icra etməkdə çətinlik yaradır. Adını çəkdiyim nüans utancaqlıq, insanlar arasında yaranan komplekslərdir. Bu kompleksləri aradan götürmək və səlist danışmaq istəyənlər aşağıdakı qaydalara əməl etməklə tez bir zamanda kompleksdən qurtulub istənilən xarici dildə rahat şəkildə fikirlərini ifadə edə biləcəklər:
1.Kompleksiz danışmağın birinci qaydası sizin duruşunuz və əhvalınızın pozitiv olmasıdır. Çiyinlər dik və baş yuxarıya doğru tutulmalı, üzünüzdəki gülüş əskik olmamalıdır. Unutmayın, özünəinam çox önəmlidir! Özünəinam itdiyi zaman danışığınız effektiv olmaz və siz ikinci dəfə bu cəhdi etməkdən qaçacaqsınız. Nəticədə xarici dil öyrənmə istəyiniz yarımçıq qala bilər.
2.Cümlə quruluşunda qrammatika vacib şərtdir, amma bunun üzərində çox dayanmayın! Danışdığınız zaman cümlələrinizin nə qədər düzgün qurulub qurulmadığını çox düşünsəniz fikirləriniz yayınar və sözlər qarşı tərəfə yanlış şəkildə ötürülə bilər. Siz bu dilin daşıyıcısı deyilsiniz. Qrammatik səhvlər etməyiniz normal haldır. Utanmayın, rahat şəkildə söhbətinizə davam edin, doğru və ya yanlış danışın!
3. Xarici vətəndaşlarla ünsiyyət qurun, mahnıları dinlədiyiniz zaman siz də dilinizdə ucadan ifa edin, film izlədiyiniz zaman orada eşitdiyiniz yeni cümlələri siz də, təkrar edin.
Bu qaydalara əməl etsəniz, tez bir zamanda gözəl danışığınızın fərqinə varacaqsınız.
İngilis dili üzrə beynəlxalq dərəcəli ekspert Ellada Aliyeva