Nizami Cəfərov: Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələrin məbləğinin artırılması zərurətə çevrilib

Nizami Cəfərov: Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələrin məbləğinin artırılması zərurətə çevrilib

Ölkəmizdə koronavirusa yoluxma hallarının artdığı bir şəraitdə pandemiyanın yayılma sürətinin qarşısının alınması və əhalinin qorunması üçün sərtləşdirilmiş karantin rejiminin tələblərini yerinə yetirməyən, o cümlədən qoruyucu tibbi maskalardan istifadə etməyən və sosial məsafə saxlamayan şəxslərə qarşı daha ciddi inzibati tədbirlər görülməli, bununla bağlı nəzərdə tutulan cərimələrin məbləği artırılmalıdır.

Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Milletinsesi.az-a açıqlamasında deyib.

Pandemiyanın yayıldığı bir şəraitdə həm öz həyatına, həm də başqalarının həyatına qarşı laqeydliyin ən böyük cinayət olduğunu vurğulayan deputat bildirib: “Burada söhbət ondan getmir ki, vətəndaşlarımız çoxlu cərimə ödəsinlər. Buna nə Azərbaycan dövlətinin, nə də cəmiyyətin ehtiyacı var. Əsas məqsəd odur ki, sərtləşdirilmiş karantin rejiminin tələbləri yerinə yetirilməli, qoruyucu tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Çünki bu gün pandemiyanın yayılması üçün son dərəcə “münbit” şərait var. İnsanlarımız əsasən yas mərasimlərində, müxtəlif yerlərdə sosial məsafə gözləmədən bir yerə toplaşır, tibbi maskalardan istifadə etmirlər”.

Ümumdünya Səhiyyə Təşkilatının da dəfələrlə əhaliyə müraciət etdiyini xatırladan akademik Nizami Cəfərov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qapalı məkanlarda tibbi maskadan istifadə olunmasını, sosial məsafənin gözlənilməsini şəxsi nümunələrində göstərir və bu barədə dəfələrlə vətəndaşlara müraciətlər ediblər. Buna baxmayaraq, cəmiyyətdə hələ də laqeydliyin müşahidə olunduğunu xatırladan deputat bildirib: “Ona görə də hesab edirəm ki, bu barədə daha sərt tədbirlərin görülməsi, nəzərdə tutulan cərimələrin məbləğinin artırılması ciddi zərurətə çevrilib. Əminəm ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsi üçün bu təşəbbüsü Milli Məclisin deputatlarının mütləq əksəriyyəti dəstəkləyəcək. Çünki bunun qarşısını vaxtında almasaq, gələcəkdə millət vəkilləri olaraq məsuliyyət daşıyacağıq”.

Share: