Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının Axar.az-a müsahibəsini təqdim edirik:
– Yeni qaydalara əsasən videomüşahidə kameraları karantin qaydalarını pozan sürücüləri müəyyənləşdirəcək. Bu, hansı meyarlara əsasən tətbiq ediləcək?
– Postlarda xidmət edən polis əməkdaşları artıq küçə və yollarda həm avtomobillə, həm də piyada hərəkət edənlərə nəzarət edəcək. Şübhə doğuran və karantinin pozulması halı aşkarlanarsa, avtomobillər saxlanılacaq, sürücülər və sərnişinlər yoxlanılacaq. Sükan arxasındakı şəxsin fəaliyyətinə və avtomobilin hərəkətinə icaze.e-gov.az saytında icazə verilən və 2 saatlıq SMS-icazə alan şəxslərə cərimə tətbiq edilməyəcək. Burada 2 saatlıq SMS-icazə ilə çıxan şəxsin avtomobilinin saytda qeydiyyata salmasına ehtiyac yoxdur. Yəni 2 saatlıq icazəsi olan vətəndaşlar öz avtomobillərindən bu müddətdə rahat şəkildə istifadə edə bilərlər.
– Bir şəxsin etibarnaməsi və fəaliyyəti barədə icazəsi varsa, lakin idarə etdiyi avtomobilin sahibinin belə bir icazəsi yoxdursa, etibarnaməsi olan sürücülər karantin qaydalarını pozmuş hesab ediləcək?
– Avtomobilin qeydiyyat şəhadətnaməsində şəxsin adı, soyadı olmalıdır. Həmçinin avtomobil sürməyə icazəsi olan digər hüquqlar nəzərdə tutulur. Etibarnamə ilə avtomobili idarə edən şəxsin və avtomobilin fəaliyyətinə icaze.e-gov.az-da icazə verilərsə, buna görə heç bir cərimə tətbiq edilə bilməz.
– Fəaliyyətinə icazə verilən şəxs gözlənilməyən səbəblərdən dolayı etibarnaməsi olmayan birinin avtomobilini idarə edərsə, ona cərimə tətbiq ediləcəkmi?
– Bu halda sükan arxasında olan şəxsə cərimə tətbiq ediləcək. O, karantin qaydalarını pozduğu üçün deyil, avtomobili etibarnaməsiz sürdüyü üçün cərimələnəcək.
– Sərnişinlərin icazə ilə hərəkət edib-etməməsini bu kameralar vasitəsi ilə müşahidə etmək mümkündürmü?
– Sərnişinləri videomüşahidə kameraları ilə müəyyənləşdirmək mümkünsüzdür. Avtomobilin arxa oturacağında əyləşən sərnişinlər var. Həmçinin əksər maşınların da arxa şüşəsində örtük var. Sərnişinlərin qaydanı pozub-pozmaması yalnız maşın polislər tərəfindən saxlandıqda və yerində yoxlanış aparıldıqda aşkarlana bilər.