DÖYÜŞ GENERALLARIMA MEYDAN VERİN

İGİD TEYMURLU

BİZƏ MƏĞLUB DURUMU YAŞADAN RUSLARIN SÜRÜNƏN KÖLGƏLƏRİDİR

 

Ermənistanın (daha doğrusu, Rusiyanın ) Azərbaycan torpaqlarına növbəti hücumu bir çox nədənlərə işıq saldı. Və bu işığın fonunda sürünən kölgələrin qorxunc siması bizləri bir daha düşünməyə vadar edir.  Sığındıqları ölkəyə yarınmağa çalışan və özlərini sanki o ölkənin KOORDİNATORUYMUŞ kimi aparan bu kölgələrin dövlət və millət sevgiləri SAXTADIR. Və zatən bundan başqa bir şey deyil. Baş verən, deyilən və yazılan həqiqətləri eşidə bilməyəcək “qüdrəti”ndə olmayan, yaxud olmaq istəməyən rus çarının və onun generallarının yelpik daşıyanları bir uykunun içindədilər. Uykudaykən Şeytan adamı çox aldadır, sayın özünü kölgədə günə verən bəylər və xanımlar! Özünüzə hörmət edin ki, hörmətiniz yelpik tutan əliniz və cılız təfəkkürünüzlə bərbad olmasın. ANLADA BİLDİMMİ?..

30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında qalması heç də Ermənistanın hərbi və siyasi gücünün göstəricisi deyil, birbaşa Rusiyanın düzənlədiyi oyunların məntiqi nəticəsidir. Atəşkəs dövründən indiyə qədər cəbhə bölgəsində baş verən insidentlər də Rusiyanın güclü və daha geniş imkanlara malik Azərbaycan faktorunu həzm edə bilməməsindən irəli gəlib. Rusiyanın əliylə işğal olunan Azərbaycan torpaqları bu gün də Rusiyanın əliylə düşmən tapdağında qalmaqdadır. Amma nə yazıq ki, torpaqlarımızın işğal edilməsində və işğal altında qalmasında biz xarici siyasətimizdə Rusiya faktorunu ya qabartmamışıq, ya da qabartmaq istəməmişik. Səbəb də Rusiyameyilli qüvvələrin Azərbaycanda daha geniş spektrdə təmsil olunmalarıdır.

Ermənistanın (daha doğrusu, Rusiyanın) Tovuz istiqamətində Azərbaycana qarşı növbəti təxribatı da deyilənləri bir daha göstərdi. Bu təxribatdan öncə Moskvada bəslənilən Surət Hüseynovun siyasi podiuma çıxarılması əslində baş verəcəklərin anonsu idi. Moskva Ermənistanın əliylə təxribatı gerçəkləşdirsə də, Azərbaycanda belə bir kritik situasiyada ortaya çıxan əsas nəsnə bundan ibarət oldu ki, hətta siyasi baxışlarından asılı olmayaraq belə millət hər zaman öz dövlətinin yanındadır.  Əslində həm Moskvanı, həm də onun əl quzusu olan Ermənistanı qorxuya salan əsas məqam da elə bu idi. Moskva bir daha həzm etmək məcburiyyətində qaldı ki, üstündən neçə illər ötsə belə xalq bu düşüncədədir ki, torpaqdan pay olmayacaq. Və bu yolda xalqla hakimiyyətin, xalqla ordunun, xalqla güc strukturlarının birliyi mövcuddur. Məhz bu amildən qorxan rəsmi Moskva petuxovların bəslədiyi şəbəkəni Azərbaycanın içində hərəkətə gətirdi. Və bu çete xalqın Qarabağ sevgisini, xalqın öz komutanına, xalqın öz əsgərinə olan ehtiramını başqa səmtə yönəldib ölkədə stabilliyi pozmağa çalışdı. Həmd olsun Allaha ki, xalqımız bu təxribatdan da tam zamanında üzüağ çıxdı…

Bəs bütün bunlar həm də nəyi deyir?

Bütün bunlar onu diktə edir ki, artıq “beşinci kalon”un tam ifşasının zamanıdır. Nə qədər ki, bu çete Azərbaycan daxilində azad bir şəkildə sağa, sola at çapacaqsa, millət olaraq, dövlət olaraq biz öz məqsədimizə çata bilməyəcəyik.

Sosial şəbəkələrdə tez-tez dolaşan və əksər hallarda təkzib olunmayan informasiyalara istinad edənlər hətta ölkənin müdafiə sisteminə belə “beşinci kalon”un sirayət etməsindən yazırlar. Millət torpaq itkisi fonunda cılızlaşdıqca yanlış informasiyaların sayəsində nəcməddinlərin də çəkisi artır! İstənilən halda bu, çox qorxulu bir tendensiyadır.

Bu gün Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər strukturlarına ancaq və ancaq birbaşa Azərbaycanın hərbi məktəbini bitirmiş döyüş generalları gətirilməlidir. Rusiya ilə bu və ya digər şəkildə bağlılığı olan, başda Nəcməddin Sadıqov olmaqla rusların hərbi sistemində “cücərmiş” bütün hərbçilər Müdafiə Nazirliyindən uzaqlaşdırılmalıdırlar…

Ermənistan Azərbaycan müharibəsinin aktiv fazası olan 1992-ci ildə Azərbaycanın Müdafiə Nazirliyinin analitik informasiya mərkəzinin rəhbəri Leyla Yunusun gerçəkdən yerinə yetirdiyi görəv sanki bu gün general Nəcməddin Sadıqovun boyun yüküdür….

Keçmiş müdafiə nazirləri Rəhim də, Məmmədrəfi də, Səfər də min cür hoqqadan çıxdılar, amma bütün bunların briqada komandirinə, Baş Qərargah rəisinə aidiyyatı olmadı, həəə!?…

İndi hər kəs Şəhid Əsgərlərimiz, Şəhid zabitlərimiz üçün göz yaşı tökür. Və tökməliyik

də. “Sağlığında qiymət verin insanlara”. Mən öləndən sonra mənə verəcəyiniz qiymət dəysin döyüşçü haqqını tapdalayan “qirgə rəisləri”nin təpəsinə!

Sual olunur, bəyəm Şəhid generalımızın hərbi bacarığı Nəcməddinin “hərbi bacarığı”ndan az idi? Axı hələ 1992-ci ildə çeçenlər həmin bu Nəcməddinə “müharibə aparan ölkənin zabiti sən viddə olmur” deyirdilər…

Yaxud, digər generallarımızın hərbi potensialı Nəcməddindən azdır ki, bu göygöz kosa illərdir ki, özü demişkən, “Baş Qirgə raisi” postunu işğal edib? Hanı bu illər ərzində Nəcməddinin cəbhədə qazandığı uğur? Amma sinəsində orden, medal əlindən yer yoxdur. Əcəba bu medallar nəyin qarşılığında bu adama verilib? Haqqında min cür şayiə gəzən bu generalla mən necə döyüşə gedim?..

Vətənə canım fəda…Ancaq Baş Qərargah rəisi kimi əsgər olaraq mən Nəcməddin Sadıqova güvənmirəm, cənab Ali Baş Komandan!..

Ötən əsrin 70-ci illərində mərhum Prezidentimiz, rəhmətlik Heydər Əliyevin min cür zillət hesabına qurub yaratdığı hərbi məktəb uzaqgörən bir siyasətin nəticəsi idi ki, bu gün bizlər o siyasətin bəhrəsini görməkdəyik. Ancaq nə yazıq ki, hələ də Rusiya faktoru öz sözünü demədədir. Bu gün hansısa yanlış düşüncənin məntiqi nəticəsi olaraq Azərbaycanın hərbi məktəbini bitirmiş, hətta böyük döyüş təcrübəsi olan zabitlərimiz nədənsə orduda sanki ikinci sort kimi qəbul edilir, bu sistemdə əsas söz sahibi kimi hər zaman sovet şinelinin çəkisi artıq gəlir. Nə verdi bu şinel bizə?

İstər Məmmədrəfi olsun, istərsə də Səfər, ordumuzda Rusiyanın koordinatoru kimi davranırdılar,  Nəcməddin də böyürlərində. Zakir Həsənov da elə “xox” gəlməklə məşğuldur. Buna deyən yox ki, sən ölkənin müdafiə nazirisən, başınla cavabdehsən baş verənlərə görə.

Cənab Zakir Həsənov, düşmənə nöqtəvi zərbələrin endirilməsi üçün Sizə mane olan nədir? Nədən Paşinyan Şuşaya gələndə vurmursan, nədən Paşinyanın matançası İstisuda poz verəndə yerindəcə məhv etmirsən? A kişi, yer mənim, yurd mənim, erməni gəlib at oynadır, siz nəyi və kimi gözləyirsiniz? Müharibə tam aktiv fazaya keçərsə, subardinasiya prinsiplərinə söykənərək son sözü gözləmək və veriləcək əmrə tabe olmaq Sizin boyun borcunuz, cənab Zakir Həsənov. Amma elə bu illər ərzində təkcə nöqtəvi zərbələrlə erməniləri diz çökdürmək olardı. Etmədiniz, cənab general? Bunu etmədiyinizə görə siz tarix qarşısında cavab verəcəksiniz…

Qardaş Türkiyə və digər türk dövlətləriylə hərbi ittifaqın bağlanması kontekstində əsaslı iş görməyən xarici işlər naziri Elmar Məmmədyarovun üzü Avropaya, üzü Amerikaya doğru həftə səkkiz, mən doqquz səfər etməsi vətən sevgisindən deyil, papanı gül balalarına olan sevgisindəndir. Ama o gül balaların tay-tuşları bu gün Vətən yolunda Şəhid olurlar. Bu yurd sevdalıların, o da villa sevdalıların həyat tərzidir…

Şəhidliyə qovuşan qardaşlarımız artıq bir ailənin deyil, 350 milyonluq Türk Dünyasının övladlarıdır. Qəzanız mübarək olsun, mənim Şəhid qardaşlarım! Qoy uğrunda can qoyduğunuz Vətənimizdəki villa sevdalılar da  özlərinə hörmət etsinlər ki, hörmətləri yelpik tutan əlləri və cılız təfəkkürləriylə bərbad olmasın. ANLADA BİLDİMMİ?..

Share: