“E rmənistan Rusiyanın razılığı  olmadan..”

Ermənilərin son təxribatlarından sonra Tovuz rayonu istiqamətində başlayan gərginlik davam edir. Ermənilərin Tovuz cəbhəsində savaşa başlamasının səbəbləri barədə ən müxtəlif fikirlər meydana çıxıb. Çoxları indiki şəraitdə düşmənin təxribata əl atmasını təsadüfi saymır.

 

Burada Rusiya izi daha çox axtarılır. Bu da əsassız deyil. Çünki son günlərdə ruspərəst qüvvələrin, o cümlədən ölkə daxilindəki “beşinci kolon”un fəallaşması müşahidə olunurdu. Bütün bunların ardınca belə hadisələrin baş verməsi sıradan bir olay kimi dəyərləndirilmir. Xüsusən günlər öncə qiyamçı polkovnik, Rusiyanın müəyyən dairələrinə bağlı Surət Hüseynovun “dirilməsi” və bir-birinin ardınca açıqlamalar verməsindən sonra bu cür hadisələrin yaşanması çoxsaylı suallar yaradır.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu diqqətçəkən fikirlər səsləndirdi:

“Bir neçə gün bundan qabaq ruspərəst qüvvələrin fəallaşması, ”beşinci kolon” nümayəndələrinin aktivləşməsi və SSRİ-nin bərpa olunacağı yönündə müəyyən bəyanatları, Azərbaycanın parçalanacağı yönündə fikirlər səsləndirmələri, Surət Hüseynovun çıxışları bir çox mətləblərdən xəbər verirdi.

Digər tərəfdən, bu fikirlərimə əlavə olaraq onu da deyim ki, Rəhim Qazıyevin müraciəti də düzdürsə, bütün bunlar bir planın tərkib hissəsidir. Burada o qədər də ciddi bir təhlükə yoxdur. Sadəcə olaraq, bunlar araşdırılmalıdır ki, bunlar arasında nə dərəcədə əlaqə var. Surət Hüseynov bildiyim qədəri ilə özü mətbuatda çıxış etmək istəyib.

Cümşüd Nuriyev bir-birinin ardınca qəribə-qəribə təhlillər yazır, “Azərbaycan parçalanacaq, yaxud işğal olunacaq” və s. Əvvəl də deyirdi ki, SSRİ 2024-cü ildə bərpa olunacaq. Sonra da deyir ki, 2-3 aya Azərbaycan parçalanacaq. Bunlar hamısı ictimai rəydə şok yaratmağa, psixoloji gərginliyə səbəb olmağa hesablanıb. Üstəgəl, Tovuza ermənilərin hücumu bunların ardından baş verdi. Biri var ki, Qarabağda münaqişə aktivləşsin və Azərbaycan cəmiyyəti buna uyğunlaşsın. Biri də var ki, Qarabağa aid olmayan bir əraziyə hücum edilsin. Ermənistanın bu hücumu Azərbaycan cəmiyyətinə mesajdır.

Təhdid etməyə, qorxutmağa, Azərbaycanı basqı altında saxlamağa hesablanıb. Həm daxildə, həm də xaricdə yüzdəyüz bunların bir-biriləri ilə əlaqələri var. Gəncə qiyamında iştirak edən şəxslərin, eləcə də aktivləşən adamların hərəkətlərinə fikir vermək lazımdır. O zaman bir komanda kimi onların hamısı Rusiyanın bilavasitə rəhbərliyi altında o işləri görüblər. Ona görə də onların hər birinin bəyanatına, addımlarına fikir vermək, onları izləmək lazımdır”.
ADP sədri Tovuz hadisələrində birbaşa Rusiya izi görür:

“Rusiya ilə Ermənistan arasında hərbi ittifaq var. Ermənistan Rusiyanın xəbəri, razılığı  heç bir hərbi əməliyyata başlaya bilməz. Onların müqaviləsi belədir. Müharibə şəraitində erməni qoşunlarına Rusiyanın generaliteti rəhbərlik edir. Müqavilənin şərtlərindən biri budur. Ona görə də təsadüfi deyil ki, özləri müharibə başlayır və dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edirlər ki, bu məsələ müzakirə edilsin. Bütün bunlar onu göstərir ki, qabaqcadan planlaşdırılmış bir məsələdir”.

Share: