KEÇMİŞ DÖYÜŞÇÜLƏRİN ALİ BAŞ KOMANDANA MÜRACİƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ BAŞ KOMANDANI CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Ali Baş Komandan, son günlərdə cəbhə bölgəsində Ermənistan tərəfindən atəşkəsin pozulması, Tovuz istiqamətində ərazilərimizə erməni silahlı birləşmələrinin hücumu keçmiş döyüşçülər olaraq bizi bərk narahat edir. Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə edilməsindən sonra dövlətimizin hərbi qüdrətinin daha da gücləndirilməsi, ordumuzun daha peşəkar bir səviyyəyə çatdırılması istqamətində atılan addımlar Vətən Fədailəri olaraq bizim üçün də qürurvericidir. Ancaq çox təəssüflər olsun ki, məhz atəşkəs dövründə Şəhid olan əsgərlərimizin statistikasına baxanda adamın könlündən dəli bir ağlamaq keçir.
Ötən müddət ərzində aparılan sülh danışıqlarına məhz Ermənistan və onun havadarları tərəfindən məhəl qoyulmamış, tənzimlənmə prosesinin daha dərin dalana, çıxılmaz labirintə salınması istiqamətində düşmən tərəfi mütəmadi addımlar atıb. Və beləcə bizlər işğala məruz qalan dövlət olaraq bir tərəfdən dünya birliyi tərəfindən ikili standartların hədəfinə çevrilməklə yanaşı həm də torpaqlarımızın azad edilməsi yolunda əsas amil olan zaman faktorunu fövtə vermişik. Azərbycanın iç probleminin həllini beynəlxalq təşkilatlara həvalə etmək Elçibəy hakimiyyətinin ən böyük yanlışı olsa da, amma məhz həmin 1992-ci ildə Xankəndinin 11 kilometrliyinə qədər irəliləmişdi. Məhz həmin dövrdə bizlər həm erməni, həm də rus əsgərlərinin Azərbaycanın könüllü döyüşçüləri qarşısında necə aciz bir durumda olmalarının canlı şahidləriyik. Qələbəni təmin edən ruh və psixoloji hazırlıqdırsa (heç şübhəsiz ki, hərbi təminat da burada öz yerində olmaq şərtilə), bunu o zaman bizdə görən erməni və rus hərbi birləşmələri atəşkəs dövründən sonra bütün sferalarda bizi psixoloji sarsıntıya məruz qoyub ruhumuzu öldürməyə çalışdılar və indi də çalışırlar. Ancaq həmd olsun Allaha ki, bütün nədənlərə baxmayaraq günü-gündən çiçəklənən Azərbaycanda ruhumuz da ölməyib, yurd, Vətən eşqi hər an bizləri döyüşə səsləyir.
Biz polkovnik leytenant Rəhman İsgəndərovun komandiri olduğu N saylı hərbi hissənin keçmiş döyüşçüləri olaraq Ermənistan-Azərbaycan müharibəsinin həlli variantı kimi ancaq və ancaq bir yol görürük: O YOL MÜHARİBƏ YOLUDUR. Ötən zaman kəsiyində Müdafiə Nazirliyi nöqtəvi zərbələrin gücündən istifadə edib. Ermənistana hər gün bir erməni əsgərinin meyidini yola salmalı idi, ancaq adıçəkilən qurum bunu etmədi. Paşinyan Şuşada “Yallı” getdi, arvadı İstisuda podiuma çıxdı. Çoxlu sayda tikililər ərsəyə gəldi. Biz hesab edirik ki, bütün bunlar anındaca məhv edilməli idi və edilməlidir də. Əgər Müdafiə Nazirliyi belə nöqtəvi zərbələrlə düşmənə qan ağlatsaydı, bütün bunlar cəmiyyətimizdə psixoloji üstünlüyümüzü daha da məhkəmlədərdi. Hesab edirik ki, elə bu andan etibarən nöqtəvi zərbələr hesabına Azərbaycan torpaqlarında düşmən qüvvələrindən uçan, qaçan, sürünən, tikilən nə varsa, dərhal məhv edilməlidir. Yetər daha ermənilərin və rusların nazıyla oynamağımız. 1601-ci ildən indiyə qədər birbaşa rusların köməyilə Azərbaycan torpaqları işğal edildi, işğal olunmuş ərazilərimizdə ermənilərə dövlət quruldu, dədə-baba yurdlarımızdan qovulduq, deportasiyalara, soyqırımlara məruz qaldıq….və hər zaman qonşuluq prinsiplərinə söykənərək mücərrəd gələcəyə ümidlə zamanı fövtə verib balacalaşdıq. Oğuz Babamız demişkən, Özümüzə qayıdaq, Biz Özümüzə qayıdanda Böyük oluruq. Azad, ya da məhv olmağı mahnılarda deyil, əməlimizdə yaşadaq.
Övladlarımıza torpaq itkisini babalarımız kimi miras qoymayaq.
Cənab Ali Baş Komandan, biz keçmiş döyüşçülər olaraq inanırıq ki, Sizin itirlmiş torpaqlarımızı geri qaytaracaq bir Komutan olaraq Azərbaycanın Son Minillik Tarixinin Adamı olmaq şansınız var. Bu yolda biz Sizə güvəndiyimiz kimi Siz də bizə güvənə bilərsiniz.
Cənab Ali Baş Komandan, biz “müharibə şəraiti”ndə yaşadığımızı nəzərə alaraq hər zaman əsgər nizamıyla Sizin əmrinizi gözləmişik və indi də gözləməkdəyik. Məhz bunu nəzərə alaraq  N saylı  hərbi hissənin keçmiş döyüşçüləri ümumi səfərbərlik zamanı vaxt itkisinə yol verilməsin deyə komandirimiz polkovnik leytenant Rəhman İsgəndərovun və qərargah rəisimiz kapitan Füzuli Rzaquliyevin rəhbərliyi altında bir yerə cəm olmuşuq. Bunu bizdən hərbi hissəmizin Şəhid komandiri mayor Cüleyman Əhmədov başda olamaqla 36 Şəhid qardaşlarımızın Ruhu tələb edir. Bunu bizdən Kəsik Qolları, Kəsik Qıçları bu gün də Qarabağ səması üstündə qıy vuran Vətən Fədailərinin Nigaran Ruhları tələb edir.
Cənab Ali Baş Komandan, Müdafiə Nazirliyi tərəfindən nə qədər haqqımız danılsa, bizi görməzdən gəlsələr belə bizim diqqətimiz hər zaman mərkəzə – Sizə doğru olub! Aşağıda Sizə təqdim edəcəyim siyahıda tərcümeyi-halları ilə birgə N saylı hərbi hissənin 70 KÖNÜLLÜ ƏSGƏRİ Sizin əmrinizi gözləyir!
Cənab Ali Baş Komandan, təqdim olunan siyahıda adları hallanan keçmiş döyüşçülərin məhz Müdafiə Nazirliyinin səhvi ucbatından 28 il müddətində haqları tapdalansa da, hüquqları pozulsa da, amma Vətən eşqi, yurd həsrəti onların döyüş əzmini qıra bilməyib və qıra bilməyəcək də!
Cənab Ali Baş Komandan, Sizin komandanlığınız altında dağlarda döyüşənədək!
DİQQƏT MƏRKƏZƏ! N SAYLI HƏRBİ HİSSƏNİN KEÇMİŞ DÖYÜŞÇÜLƏRİ ALİ BAŞ KOMANDANIN ƏMRİNİ GÖZLƏYİR!
https://milletinsesi.az/?p=21765
Share: