Bu tarixdə Sibirdə anomal istilər olacaq

Sibirdə son yarımildə rekord qıran anomal istilər göstərdi ki, bu tendensiya növbəti illərdə də davam edəcək.

Milletinsesi.az  xəbər verir ki, bu barədə ““World Weather Attribution” beynəlxalq layihəsində iştirak edən alimlər bildirib.

Qeyd olunub ki, bu, insan fəaliyyətinin Yer planetinin iqliminə təsiri səbəbindən baş verir.

Məlumata əsasən, 2020-ci ilin ilk aylarında Sibirdə qeyri-adi yüksək temperaturlar müşahidə edilib. Məsələn, iyunun 20-də Yakutiyanın Verxoyansk şəhərində temperatur +38 dərəcəyədək yüksəlib. Bunun nəticəsində regionda meşə yanğınları baş verir, əbədi buzlaq əriyir və digər mənfi təsirlər özünü göstərir.

Vəziyyəti kəskinləşdirən amili müəyyənləşdirmək məqsədilə Fransa, Almaniya, Niderland, Rusiya və digər ölkələrin alimləri Sibirdə 2020-ci ilin yanvar-iyun aylarında temperatur dəyişməsini təhlil ediblər. Onlar, həmçinin temperaturun 2050-ci ilədək necə dəyişəcəyinin modelini hazırlayıblar.

Alimlər bu qənaətə gəliblər ki, anomal istilərə böyük ehtimalla insan fəaliyyəti təsir edib – iqlim dəyişikliyi 2020-ci ilin birinci yarısında uzun davam edən istilər dövrü ehtimalını 600 dəfə artırıb. Belə olmasaydı, Sibirdə temperatur azı iki dərəcə sərin olardı. Adi şəraitdə istilərin bu cür uzanması 130 ildə bir dəfə olur.

Proqnoz modelləri göstərir ki, 2050-ci ildə Sibirdə ən yaxşı halda orta temperatur 1900-cü illə müqayisədə 2,5 dərəcə yüksək olacaq, lakin bu, 7 dərəcə yüksək də ola bilər.

Share: