“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı indiyə kimi bir sıra səhvlər edilib. Məhz elə bu səhvlərə görədir ki, Ermənistan-Azərbaycan münaqişəsi 30 ilə yaxındır, həll olunmur”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi və erməni tərəfinin törətdiyi təxribatı şərh edən Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Onun fikrincə, bu səhvlərdən biri münaqişənin nizamlanmasının məhz ATƏT-in Minsk Qrupuna həvalə olunmasıdır: “Bu, Qərbin istəyi ilə yaradılmış format idi. Təbii ki, o vaxtkı Rusiya hakimiyyəti – Prezident Yeltsin, xarici işlər naziri Kozırev də buna dəstək vermişdi. O vaxt bizim ölkədə Qərbin diktəsi ilə oturub-dururdular. Sizə deyim ki, həmin vaxt MDB Parlament Assambleyası çərçivəsində bu problemin həlli mümkün idi. Problemin həlli ilə bağlı sxem də hazırlanmışdı. Lakin o vaxt amerikalılar buna qarşı çıxdılar və Minsk Qrupu, həmsədrlik institutu yaradıldı. Baxın, Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən sonra beynəlxalq təşkilatlar, o cümlədən Minsk Qrupunun həmsədrləri bəyanat yayaraq hadisəyə qiymət verdilər. Lakin burada əsas məsələ bu gərginliyin əsas səbəbini söyləməkdir. Gərginliyin əsas səbəbi diqqət mərkəzində olmalıdır. Nədir bu səbəb? Əlbəttə ki, Qarabağ münaqişəsinin həll olunmaması. Bu gün biz sərhəddəki gərginliyin sabitləşməsi üçün Minsk Qrupunun cəlb olunması barədə çağırışları eşidirik. Bu çağırışları edənləri anlamaqda çətinlik çəkirəm. Bəs, bu vaxta kimi Minsk Qrupu nə işlə məşğul olurdu? Nə edib axı bu təşkilat bu 30 il ərzində? Həqiqəti söyləsək, heç nə. Bilirsiniz, bu gün son baş verən və davam edən gərginliyi birinci kimin başlamasının indi heç bir önəmi yoxdur. Önəmli olan sual budur: gərginlik niyə baş verib? Əsas cavab isə budur: ona görə ki, münaqişə həll olunmayıb. Hər kəs yaxşı anlayır ki, bu müddət ərzində münaqişənin nizamlanması üçün heç nə edilməyib. Bunu artıq Rusiya rəhbərliyi də başa düşür. Bu, sevindiricidir. Rusiya rəhbərliyi başa düşür ki, ABŞ və Avropa, ümumilikdə Qərb regionda münaqişələrin bitməsini istəmir. Onlar Rusiyanın ətrafında qeyri-sabitlik olmasında, regional münaqişələrin yenidən alovlanmasında maraqlıdırlar”.
Rusiyalı parlamentari münaqişənin həllinin yeganə bir yolu olduğunu bildirib: “Bunun üçün üç dövlətin rəhbəri – Rusiya, Azərbaycan və Ermənistan liderləri görüşüb bu məsələni kökündən həll etməlidirlər. Başqa həll yolunu görmürəm. Konfliktin hərbi yolla həllini də görmürəm. ATƏT-in Minsk Qrupu isə bu münaqişənin həllində maraqlı deyil. Ona görə də, onların fəaliyyətinin, daha doğrusu, fəaliyyətsizliyinin heç bir faydası yoxdur”.
L. Kalaşnikov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu söyləyib: “Heç kəs demir ki, bu, Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin geri qaytarılması üçün heç nə etmir, məsələ budur. Mən öz prezidentimi və Azərbaycan prezidenti İlham Əliyevi də yaxından tanıyıram. Ermənistan baş naziri Paşinyanı isə demək olar ki, tanımıram. Hesab edirəm ki, bu gün Vladimir Putin və İlham Əliyev öz nüfuzlarından istifadə edib, bu problemi həll edə bilərlər. Onlar həqiqətən də bu məsələnin ədalətli həllini istəyirlər. Təbii ki, bu problemi dərhal həll etmək olmaz. Amma nədənsə başlamaq lazımdır. Mən azərbaycanlıları bu məsələdə yaxşı anlayıram. Baxın, biz Dövlət Dumasında ərazi bütövlüyünün toxunulmazlığına qarşı çağırışlara görə cəza haqqında qanun qəbul etdik. İki-üç gün bundan qabaq bu qanunu qəbul etmişik. Bu qanunu Rusiya vətəndaşlarının necə böyük məmnunluqla qarşıladığının şahidi oldum. Ona görə də, sadə azərbaycanlıların ölkənin ərazi bütövlüyü ilə bağlı ağrısını, dərdini çox yaxşı başa düşürəm. Azərbaycanlıların bu gün küçələrə çıxıb orduya dəstək verməsi başa düşüləndir”.
Dumanın komitə sədri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan münaqişəsinə qoşulub-qoşulmayacağı ilə bağlı fikirlərə də münasibət bildirib: “KTMT-nin bu münaqişəyə qoşulması cinayət olar. Çünki bu təşkilat bu və digər qonşularımızla müharibə etmək üçün yaradılmayıb. Ona görə də bu söhbətlərə son qoyulmalıdır. Kimsə KTMT-ni Qarabağ münaqişəsinə cəlb etmək istəyirsə, bilsin ki, buna heç kəs, heç vaxt nail olmayacaq. KTMT-yə daxil olan ölkələr də çox gözəl bilir ki, bu təşkilat nə üçün yaradılıb. KTMT-nin Azərbaycanla müharibəyə qoşulacağını düşünmək belə axmaqlıqdır. Heç kəs buna getməz. Bunu unudun”