KÖNÜLLÜLƏR yenidən toparlanır

Laçın uğrunda gedən döyüşlərdə iştirak etmiş 713 nömrəli hərbi hissənin  döyüşçüləri bu gün Laçın şəhər Hərbi Komissarlığında  yenidən könüllü olaraq qeydiyyatdan keçiblər.

 

 

 

Millətinsəsi.az xəbər verir ki, Laçın şəhər Hərbi Komissarlığının qarşısına toplaşan keçmiş  döyüşçülər döyüşə hazır olduqlarını və böyük ruh yüksəkliyi ilə Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan ediblər.

 

Laçın rayonunun müdafiəsində iştirak etmiş Qazilər torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərinin yarımçıq qaldığını deyərək artıq döyüşü qələbə ilə başa vurmağın zamanı çatdığını vurğulayıblar. Qazilər bildiriblər ki, komissarlıqda çox gözəl qarşılanıblar. Keçmiş hərbi hissənin döyüşçülərinin  hər biri məsafəni qorumaq şərti ilə bir-bir qeydiyyatdan keçiblər.

 

Qazilər deyir ki, bu gün könüllü olaraq döyüşə yazılmaqla illərdir “əyilmiş qamətləri” düzəlib sanki. Yenidən döyüşmək hissi ilə sanki yenidən doğularaq düşməni məhv edərək torpaqların işğaldan azad olunmasında iştirak edəcəklərinə görə hədsiz qürurlanıblar.

 

Bu gün hərbi komissarlıqda qeydiyyatdan keçən qazilərə vaxtilə döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid övladları da qoşulub. Şəhidlərin övladları da döyüşə hazır olduqlarını bildiriblər.  Eyni zamanda keçmiş  713 nömrəli hərbi hissənin könüllüləri sırasında döyüşlərdə yaralanaraq 2-ci qrup əlilliyi olan qazilərin övladları da olublar.

 

Döyüşçü BƏNDƏLİYEV FƏXRİ bildirib ki, bu gün könüllü olaraq döyüşə getmək istəyənlərin arasına Laçın rayonundan olmayan, lakin Laçın uğrunda döyüşlərdə iştirak edən döyüşçülər də qatılıb. Keçmiş 713 nömrəli hərbi hissə  bir komanda olaraq yenidən toparlanıb, məhz bir yerdə, Laçın rayonu hərbi komisarlığında qeydiyyatdan keçiblər ki, Ali Baş Komandan əmr verəndə, hərbi hissədə bir komanda olaraq döyüşə getsinlər.

 

GÜNDÜZ SƏFƏRƏLİYEV

Share: