Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlun bahalı avtomobil kolleksiyası yaradıb.
“Millətin Səsi ” xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.
Jurnalist bildirib ki, Avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”.
Qeyd edək ki, son dövrlər Azərbaycanda yaranmış su problemi Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini gündəmə gətirib. Problemlər bu sahəyə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi göstərir.
Hətta dövlət başçısı ötən ay su təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonfransda bunları qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.