“Barselona”nın yeni baş məşqçisi Ronald Kumanla komandanın kapitanı Lionel Messi arasında gözlənilən görüş baş tutub.
“RAC1” radiosu xəbər verir ki, söhbətin əsas mövzusu argentinalı hücumçunun Kataloniya təmsilçisindəki gələcəyinin müzakirəsi olub.
İddiaya görə, 33 yaşlı forvard niderlandlı mütəxəssisə “Barselona”nı tərk etmək istədiyini bildirib. UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya “Bavariya”sına 2:8 hesablı məğlubiyyətdən məyus olan Messi öz gələcəyini bu komandada görmədiyini söyləyib.
Həmçinin təcrübəli oyunçu deyib ki, klubun daxilində baş verənlərdən narazıdır. Bununla yanaşı, o başa düşür ki, müqaviləsindəki öhdəliklərə görə La Liqa təmsilçisindən ayrılmaq asan olmayacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2019/2020 mövsümündə meydana çıxdığı 44 oyunda 31 qol vurub, 26 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2021-ci ilin yayında başa çatacaq./report