Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində sanitar-karantin rejim qaydalarının pozulduğu ictimai iaşə müəssisələri aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının da iştirakı ilə keçirilən reyd zamanı karantin rejimi qaydalarına əməl etməyən, eləcə də sanitar–epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe, restoran və çayxanalar aşkarlanıb. Polis və AQTA əməkdaşları sahibkarlar və icarədarlarla profilaktik söhbətlər aparıb, tələblərə riayət etmələrinin həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin, gözəllik salonlarında, bərbərxanalarda, mağazalarda və digər qapalı məkanlarda da reyd davam etdirilib. Polis əməkdaşları bəzi icarədarların, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiklərini aşkarlayıblar.
Ümumilikdə, qaydaları pozduqları üçün 2 çayxananın fəaliyyəti dayandırılıb, 11 şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Musavat.com