İmam Hüseynin (ə) beş həyat yoldaşından 4 oğlu və 2 qızı olmuşdur. Böyük oğlunun adı Əli Əkbərdir. O, İmam Hüseynin (ə) Ümmi-Leyla Səqəfiyyə adlı qadınla izdivacından doğulmuşdur. Əli Əkbər Kərbəlada şəhid olarkən təqribən 36 yaşı vardı. Görünüşcə Həzrət Mühəmməd Peyğəmbərə (s) çox bənzəyirmiş.
İmam Hüseynin (ə) ortancıl oğlu İmam Əli Zeynülabidindir (ə), anası sonuncu Sasani şahənşahı III Yəzdgürdün qızı Şəhrbanudur (və ya Şahzənan).
İmamın Bəni-Qüzaə qəbiləsinə mənsub qadından doğulmuş oğlu Cəfər atasının sağlığında vəfat etmişdi.
Milletinsesi.az islam.az-a istinadən bildirir ki, rübab adlı qadınla izdivacdan isə Kərbəlada oxla vurulub şəhid olmuş südəmər Əli Əsğər (əsil adı Abdullahdır) adlı oğul və Səkinə adlı qız dünyaya gəlmişdir. Səkinə Kərbəlada olmuş, əsir düşmüşdü.
İmamın ikinci qızının adı Fatimədir. Fatimə aşura faciəsində iştirak etməmiş, xəstə olduğuna görə Mədinədə qalmışdı.
İmam Hüseynin (ə) Rüqəyyə adlı qızının olması, Şam xarabalığında atasının kəsik başını gördükdən sonra dünyasını dəyişməsi haqqında məlumatlar ziddiyyətlidir.