Avstraliyanın paytaxtı Kanberrada SARS-Cov-19 koronavirusuna qarşı peyvəndin klinik sınaqlarına başlanılıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Paratus Clinical” Tədqiqat Mərkəzindən bildiriblər ki, 80 könüllü ABŞ-ın “Novavax” şirkəti tərəfindən hazırlanmış dərman preparatı, elə eyni sayda insan isə plasebo qəbul edəcək.
Mərkəz Avstraliya və ABŞ-da eyni vaxtda keçiriləcək genişmiqyaslı klinik sınaqlarda ümumilikdə 1 500 könüllünün (hər ölkədə 750 nəfər) iştirak edəcəyini vurğulayıb. Testin ilk iştirakçıları Kanberranın universitet işçiləri və tələbələri olacaq.
Bu ana qədər preparatı 49 könüllü qəbul edib, digərləri isə təcrübədə iştirak etməzdən əvvəl son tibbi müayinədən keçir. İlkin vaksinasiyadan altı ay sonra onlar növbəti dəfə peyvənd olunacaqlar. Bundan sonra isə təcrübəyə qatılanlar mütəmadi olaraq analizlər verəcək ki, həkimlər koronavirusa qarşı immunitetin əmələ gəlməsini izləyə və onun müqavimətini qiymətləndirə bilsinlər. Tədqiqatın aralıq nəticələrinin ilin sonuna hazır olacağı gözlənilir.