Bir çox Avropa və Amerika ölkələrində “xodunki” kimi tanıdığımız qurğunun istifadəsinə həkimlər tərəfindən icazə verilmir.
Pediatrların fikirinə görə “xodunki” uşaq üçün nəinki xeyir gətirmir, hətta uşağın inkişafına və sağlamlığına ciddi ziyan vurur.
Körpə uşağa müəyyən vaxta kimi ayaq üstə durmaq ziyanlıdır. Bu dayaq-hərəki sisteminin pozulmalarına səbəb ola bilər. Uşaq əvvəl iməkləməyi öyrənməlidir, müəyyən müddət iməkləməlidir, daha sonra isə tədricən ayağa qalxmağı və yeriməyi öyrənməlidir.
İməkləmək uşaq üçün çox vacibdir. Bu uşağın dayaq-hərəki sistemini gələcək yükləmələrə hazırlayır, gələcəkdə skolioz və s. kimi onurğa problemlərinin əmələ gəlməsinin profilaktikasıdır.
“Xodunki”dən istifadə etdikdə uşağın hələ ki zəif sümükləri, oynaqları, əzələləri güclü və düzgün bölüşdürülməmiş yükləməyə məruz qalır ki, bunun nəticəsində onlarda müxtəlif pozulmalar yarana bilər. Həmçinin uşağın yerişində də pozulmalar əmələ gəlir – “xodunki”dən çıxdıqda uşaqlar uzun müddət ərzində barmaqlar ucunda gəzir və s.
Əksər mütəxəssislərin fikirinə görə, “xodunki” və s. uşağa yeriməyi öyrədən köməkçi vasitələr körpənin normal inkişafına yalnız mane olur.
Digər tərəfdən Avropada keçirilən xüsusi sınaqlar nəticəsində məlum olub ki, “xodunki”də “yeriyən” uşağın müxtəlif ağır travmalar almaq riski çox yüksəkdir.